Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanının I mərhələsi keçirilib.
DİM-dən AzerTimes-a bildirilib ki, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı; mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı, eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı, buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı baş tutub.
İmtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Qazax, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan MR-də təşkil olunub.
İmtahanlarda 27 864 nəfərin iştirakı nəzərdə tutulurdu.
İmtahanların idarə olunması üçün 118 ümumi imtahan rəhbəri, 337 imtahan rəhbəri, 2657 nəzarətçi-müəllim, 360 buraxılış rejimi əməkdaşı və 118 bina nümayəndəsi ayrılıb.
İmtahanlarda 64 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Həmçinin eşitmə əngəlli abituriyentlər üçün onların dinləmə ilə bağlı çətinlikləri nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.
Aprelin 3-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 1 ay ərzində elan olunması nəzərdə tutulur.
Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, tələb olunan sənədləri özləri ilə gətirmədikləri üçün imtahana buraxılmayan abituriyentlər olub. Bundan əlavə, yoxlama prosesi zamanı bəzi abituriyentlərin üzərində kəsici‑deşici vasitələr, müxtəlif elektron cihazlar və digər köməkçi vəsaitlər aşkar olunub. 8 nəfərdə mobil telefon tutulduğu üçün imtahandan xaric edilib və nəticələri ləğv olunacaq. Həmin abituriyentlər qəbul imtahanının ikinci mərhələsinə də buraxılmayacaq. Qeyd olunan qayda pozuntuları protokollaşdırılıb və hazırda bunlarla bağlı araşdırma aparılır.