Qəbri 50 ildən sonra Xiyabana köçürülən fədai

Qəbri 50 ildən sonra Xiyabana köçürülən fədai

Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür.

AzerTimes xəbər verir ki, Zərdabi 1837-ci ilin 28 iyununda keçmiş Göyçay qəzasının Zərdab kəndində anadan olub.

Həsən bəy ilk təhsilini Zərdab kəndində, mədrəsədə alıb. O, burada ərəb və fars dillərini öyrənib. 1852-ci ildə Şamaxıda açılan rusdilli dünyəvi məktəbə gedib, 1861-ci ildə oranı əla qiymətlərlə bitirib.

Daha sonra dövlət təqaüdü ilə Moskva Universitetinin Fizika-riyaziyyat fakültəsində təbiət elmləri üzrə təhsil alıb. Həsən bəy 1865-cil ildə universiteti fərqlənmə diploma ilə bitirib. Ali təhsil ocağının rəhbərliyi onu universitetdə elmi iş üçün saxlamaq qərarı versə də, Həsən bəy razı olmayıb, xalqına, millətinə xidmət etmək məqsədilə Azərbaycana qayıdıb.

Bakıya gələn Həsən bəy burada təbiət elmi üzrə müəllim işləyib. Bununla da onun həyatında yeni dövr – maarifçilik, xalqın savadlanması, ana dilində təhsil uğrunda mübarizə mərhələsi başlayıb.

O, müsəlmanlar arasında ilk dəfə 1872-ci ildə Bakıda “Cəmiyyəti-xeyriyyə” yaradıb. Həmin ilin bütün yayını Həsən bəy Zərdabi gimnaziyada təhsil alan şagirdləri Nəcəf bəy Vəzirov və Əsgərağa Adıgözəlov (Gorani) ilə birlikdə Azərbaycanın şəhər və kəndlərini dolaşaraq “Cəmiyyəti-xeyriyyə”yə üzvlər yazdırmaqla məşğul olub.

Həsən bəy Zərdabi Azərbaycan peşəkar teatrının yaradıcılarındandır. Onun rəhbərliyi və dramaturqlardan Nəcəf bəy Vəzirov ilə Əsgər ağa Adıgözəlovun fəal iştirakı ilə 1873-cü ildə M.F.Axundovun “Hacı Qara” və “Lənkəran xanının vəziri” komediyaları tamaşaya qoyulub.

O, Azərbaycan qadınlarının maariflənməsinə xüsusi əhəmiyyət verib. 1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasına böyük köməklik göstərib.

Ana dilində qəzetə böyük ehtiyac olduğunu dərk edən Həsən bəy qəzet çap etmək üçün hökumətə müraciət edib. Bununla əlaqədar böyük mütəfəkkir İstanbuldan mətbəə ləvazimatı, çap hərfləri gətizdirib və xeyli zəhmətdən sonra 1875-ci il iyulun 22-də Bakıda qubernatorun mətbəəsində Azərbaycan dilində “Əkinçi” qəzetinin nəşrinə nail olub. Bununla da Azərbaycan milli mətbuatının əsası qoyulub.

1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr olunub. Bu illər ərzində qəzetin 56 nömrəsi işıq üzü görüb.

Zərdabi və onunla birlikdə bu qəzetdə çalışan bir sıra maarifpərvər, demokrat naşirlər Şərqin geriliyini, ətalət və süstlüyünü həqiqi azadlığın olmamasında görüblər. Onlar öz sözlərini dolayı yolla olsa belə, bu qəzet vasitəsi ilə xalqa çatdıra biliblər.

Azərbaycan milli mətbuatının ilk qaranquşu olan bu qəzet iki illik ömür yaşasa da, xalqın milli və müasir ruhda tərbiyə olunmasında çox böyük rol oynayıb.

Zərdabi ölümünə yaxın iflic keçirib. Lakin ömrünün sonuna qədər “Kaspi” qəzetindəki vəzifəsini davam etdirib. 28 noyabr 1907-ci il tarixində vəfat edib.

O, köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunsa da, 1957-ci ildə Həsən bəy Zərdabinin vəfatının 50 illiyi qeyd olunarkən qəbri Fəxri Xiyabana köçürülüb.

Teqlər: