Ombudsmanın məruzəsində qadınların pensiya yaşı həddinin azaldılması təklif olunur. Bu təklifi dəstəklədiyimi bildirirəm.
AzerTimes xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Razi Nurullayev deyib.
“Qadınların pensiyaya çıxmaq üçün son yaş həddi 60, kişilər üçünsə 62 olsun. Deyiləcək ki, dünyada yaş həddi əsasən 65-dir. Axı o ölkələrdə tibbi əlçatanlıq, sosial yaşayış, əmək haqları və rahatlıq bizimlə müqayisədə daha yüksək səviyyədədir. Biz özümüzü onlarla necə müqayisə edə bilərik? Biz deputatlar xalqın içindəyik, onların evlərində oluruq, şikayətlərini dinləyirik və yaşayışlarını da çılpaq gözlə görürük. Kəndlərdə, qəsəbələrdə, rayonlarda, Bakının saysız-hesabsız gecəqondularında milyonlarla əhalimiz çətin vəziyyətdə yaşayır. Onun üçün də pensiya yaşını azaltmaq çox vacibdir.
Ayda onlarla yas məclisində oluram. Yaşlanıb ölənlərin sayı çox azdır. Bütün xəstəliklər çox cavanlaşıb. 30 yaşlı cavan ürək tutmasından ölür, 20 yaşlı gəncin qan təzyiqi var, körpə uşaq onkologiya xəstəliyinə tutulur. Baxıram ki, rəhmətə gedənlərin çoxu 57-62 yaş arasıdır. Hətta qəbiristanlıqlarda da bir monitorinq aparmışam və son zaman ölənlərin əksəriyyəti yaşa dolmadan dünyasını dəyişənlərdir. Biz gərək bu faktları nəzərə alaq.
Bu səbəbdən, Ombudsmanın qadınların pensiyaya çıxmaq üçün yaş həddinin azaldılması təklifini dəstəkləyirəm. Qadınların 60, kişilərin isə 62 yaşında pensiyaya çıxması ədalətli olardı. İnanmaq istərdim ki, bu təkliflər diqqətsiz qalmayacaq.
İkinci bir təklifim də var. Bütün dünyada sahibkarların hüquqlarını müdafiə edən biznes ombudsmanı da var. İstərdim ki, bu məsuliyyətli sahəni də ombudsman öz üzərinə götürsün. Ombudsman aparatında sahibkarlarla bağlı xüsusi bir şöbə yaradılsın, yaxud da ən yaxşısı məsul bir şəxs müəyyən edilsin. Bunu təxirəsalınmaz addım hesab edirəm. Sahibkarlıq fəaliyyətinin asanlaşdırılmasına və ölkəyə sərmayələrin cəlb olunmasına ehtiyac var. Dövlət qurumlarının fəaliyyəti təəssüflər olsun ki, iş yerlərinin açılmasına şərait yaratmır. Qaydalar sərtləşdikcə, iş adamları ölkəni tərk edir və vəsaitləri buradan çıxarır. Sahibkarlıq fəaliyyəti və problemləri üzrə parlamentdə ictimai dinləmənin keçirilməsini təklif edirəm”, – deyə deputat bildirib.