Qəbələdə iki kəndin yolu yenidən qurulur (FOTO/VİDEO)

Ölkə ərazisində yol infrastrukturunun yenidən qurulması ilə
bağlı tərtib edilmiş tədbirlər planına uyğun olaraq, Qəbələ
rayonunda uzunluğu 5.3 km olan yerli əhəmiyyətli Bunud-Həzrə
avtomobil yolunun yenidən qurulmasına başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AzerTimes-a verilən məlumata görə, torpaq və
çınqıl örtüklü avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan
istismar olunduğundan yol örtüyündə əmələ gələn çalalar, çökmələr
və qabarmalar istər avtonəqəliyyat vasitələrinin, istərsə də
vətəndaşların hərəkətində bir sıra problemlərə səbəb olurdu.

Hazırda sadalanan qüsurların aradan qaldırılması üçün Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işləri
aparılır. IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun
hərəkət hissəsinin eni 6 metr olmaqla yol yatağının eni 10 metr
təşkil edəcək.

“Tikinti Norma və Qaydaları”na uyğun yenidənqurma işləri
çərçivəsində yolboyu yararsız quruntun qazılması, torpaq yatağının
genişləndirilməsi və sıradan çıxmış suötürücü boruların çıxarılması
işləri aparılır. Çıxarılan boruların əvəzinə yeni dəmir-beton
suötürücü boruların quraşdırılması, boru başlıqlarının
dəmir-betonla tikilməsi həyata keçiriləcək.

Texnoloji ardıcıllığa uyğun olaraq daha sonra lazımi hündürlükdə
optimal qum-qırmadaş qarışığından yol əsasının tikintisi işləri
görüləcək, yol əsası hazır olandan sonra isə yolun asfaltlanması
işlərinə start veriləcək.

Anoloji yenidənqurma işlərinin Qəbələ rayonu ərazisində
Zarağan-Aydınqışlaq (3.2 km),
Hacıalılı-Ovcullu-Mamaylı-Bayramkoxalı (10.4 km) və Şamlı-Tola (6,1
km) avtomobil yollarında da aparılması nəzərdə tutulur.

Beləliklə, ümumi uzunluğu 25 km olan və 13 min əhalinin yaşadığı
10 yaşayış məntəqəsini əhatə edən bu yolların yenidən qurulması
gediş-gəlişin rahatlaşmasına, əhalinin yetişdirdiyi kənd
təsərrüfatı məhsullarının tez və xarab olmadan bazarlara
çatdırılmasını təmin etməklə kənd təsərrüfatının inkişafına gətirib
çıxaracaq. Bu isə öz növbəsində əhalinin sosial rifah halına müsbət
təsir edəcək.

Teqlər: