Xəbər - Samir Əli – Trend:
26 iyun 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qəbələ rayonu, Laza kəndi ərazində yerləşən Muçuq şəlaləsinə gedərkən 1 nəfər vətəndaşın yüksək qayalıqdan sürüşərək çaya düşməsi barədə məlumat daxil olub.
FHN-dən AzerTimes-a bildirilib ki, məlumata əsasən FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.
Hadisə yerində xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, Qəbələ rayon sakini 1988-ci il təvəllüdlü Talıbov Vasif Şakir oğlu Muçuq şəlaləsinə gedərkən sürüşərək hündürlüyü 60-70 metr olan qayalıqdan çaya düşüb.
Xilasedicilər vətəndaşa ilkin tibbi yardım göstərib, təhlükəsizliyini təmin edərək xərəklə bir neçə kilometr çətin keçilən ərazi ilə piyada təxliyə edərək aidiyyəti üzrə təhvil veriblər.