QDTİB yaxın illərdə öz işində mühüm dəyişikliklər etməyi planlaşdırır

Xəbər - Ləman Zeynalova – Trend:

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) yaxın illər ərzində öz işində mühüm dəyişikliklər etməyi planlaşdırır.

Bu barədə QDTİB prezidenti Dmtriy Pankin “Qara dəniz regionu post-pandemiya dövründə: QDTİB rəhbərliyi ilə strateji dialoq” adlı tədbir zamanı AzerTimes-ın suallarını cavablayarkən qeyd edib.

O bildirib ki, ötən il müştərilər uzunmüddətli maliyyələşməyə ehtiyac duymurdu: “İnfrastrukturun maliyyələşdirilməsinə deyil, kiçik və orta müəssisələrin dəstəklənməsinə ehtiyac var idi. Qısamüddətli iş modelimizdə Rumınya, Bolqarıstan, Yunanıstan kimi ölkələrdə kiçik və orta müssisələri dəstəkləməyə diqqət yetiririk. Bu halda biz, əlbəttə, müştərilərlə birbaşa məşğul ola bilmərik, biz aralıq kimi çıxış edəcək bir maliyyə institutu axtaracağıq. Bu, 2020-2021-ci illəri əhatə edir. Uzunmüddətli strategiyadan bəhs edərkən, bir layihə təşkilatçısı olaraq layihəyə başlamaq, onu təhlil etmək və digər qurumlar tərəfindən maliyyələşdirmək üçün hazırlamaqdan ötrü daha çox rola ehtiyacımız var. Bu, bizim biznes modelimizdə ən əhəmiyyətli dəyişikliklərdən biri olacaq”.

QDTİB prezidentinin sözlərinə görə, səhmdarlardan ticarətin maliyyələşdirilməsinə güclü tələbat var.

O, həmçinin ölkədə ticarət əməliyyatları həyata keçirəcək kommersiya bankına müəyyən qarşılıqlı zəmanət verə biləcəklərini, eyni zamanda səhmdarlar tərəfindən ekoloji layihələrə yüksək tələbat olduğunu və yaxın illərdə bu sahədə daha fəal olacaqlarını da qeyd edib.

(Tərcümə: Humay Ağacanova)

Teqlər: