Saloniki. Ləman Zeynalova – Trend:
Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yeni layihələr üzrə mümkün əməkdaşlıq barədə danışıqlar aparır.
Bunu AzerTimes-ın Yunanıstana ezam olunmuş müxbirinə QDTİB-in energetika və infrastruktur üzrə direktoru Roman Matkivski deyib.
O bildirib ki, QDTİB-in SOCAR-ın yeni layihələrinə dəstək göstərməsi ilə bağlı danışıqların ilkin mərhələsi davam edir: “Hələlik qərar qəbul edilməyib. Biz həm də Azərbaycanda bərpa olunan erneji mənbələri sahəsində layihələrin dəstəklənməsi imkanlarını və ölkə üçün enerji portfelimizdə bərpa olunan enerji mənbələrinin payının artırılmasını nəzərdən keçirməyə hazırıq”.
R.Matkivski əlavə edib ki, bu günədək Bank “Lukoyl” şirkətinə “Şahdəniz” yatağının işlənməsi layihəsi üçün 60-65 milyon avro, “SOCAR Trading”ə 50 milyon avro, SOCAR AQS-ə 20 milyon avro, “SOCAR Türkiyə”yə 40 milyon avro vəsait ayırıb. SOCAR AQS və “SOCAR Türkiyə”yə ayrılan vəsaitlər tam şəkildə qaytarılıb.
(Tərcümə: Orxan Nəbiyev)