Təqsirkar şəxsə cəza verilərkən ona tətbiq ediləcək yüngülləşdirici hallar sırasına məhkumluğunun olub-olmaması, əməli qəsdən, yaxud ehtiyatsızlıqdan törətməsi, müharibə iştirakçısı olması, himayəsində azyaşlı uşağın olub-olmaması, əməlindən peşman olması və s. önəmli rol oynayır.
Bu sözləri AzerTimes-a açıqlamasında Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov müharibə iştirakçısı, peşəkar boksçu R.Nəbizadənin Vətən müharibəsi qazisi N.Babayevin çənəsini sındırması və barəsində cinayət işi qaldırılması haqda danışarkən deyib.
O bildirib ki, R.Nəbizadənin zərərçəkmiş şəxslə barışması bu işdə xüsusi rol oynayacaq:
“Ümumilikdə R.Nəbizadənin Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221 (Xuliqanlıq) maddələri ilə təqsiri sübuta yetirilərsə, 7 ilə qədər həbs oluna bilər”.
Qeyd edək ki, bir neçə gün əvvəl Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, keçmiş XTQ mənsubu, “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilmiş qazi Namiq Babayev işinin icrası zamanı idmançı, müharibə iştirakçısı Rəvan Nəbizadənin hücumuna məruz qalıb. Nəticədə N.Babayevin çənə sümüyü 2 yerdən sınıb, dişləri qırılıb.