Qazilərin müalicəsi ən yüksək səviyyədə təşkil olunur – Naqif Həmzəyev

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan regionda yeni reallıqlar yaratdı. Bu zəfərin əldə olunmasında bizim rəşadətli ordumuzun zabit və əsgərlərin böyük rolu oldu. Onlar qanları, canları bahasına vuruşdular və torpaqlarımızı düşməndən azad elədilər.

Bunu AzerTimes-a millət vəkili Naqif Həmzəyev deyib. Deputat bildirib ki, müharibədən sonra, yəni post-münaqişə dönəmində Azərbaycan hökuməti Cənab İlham Əliyevin rəhbərliyi altında bir sıra layihələri reallaşdırıb: “Bu gün dövlətimiz zəfərimizlə başa çatan Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsinə xüsusi qayğı və həssaslıqla yanaşır. Hazırda əsas hədəflərdən biri müharibə zamanı şəhid olmuş, yaralanmış bizim qardaşlarımızın sosial təminatlarının yaxşılaşdırılması, onlara dövlət qayğısının daha da artırılması və onların bütün problemlərinin aradan qaldırılmasıdır. Bu sahədə dövlət tərəfindən xüsusi sosial paketlər həyata keçirilir. Şəhid ailələrinin mənzil şəraiti yaxşılaşdırılır, şəhid ailələrinin və qazilərin məşğulluq problemlərinin həll olunmasıyla bağlı xüsusi marafonlar keçirilir. Ümumiyyətlə, bu sahəyə dövlətimiz tərəfindən çox böyük diqqət ayrılmaqdadır. Həmçinin, bizim qazilərimizin müalicəsi, reabilitasiya ilə bağlı da xüsusi proqramlar var və bu proqramlar əsasında da bu kateqoriyaya daxil olan insanların sağlamlığıa qovuşması üçün silsilə işlər həyata keçirilməkdədir. Hətta, bəzi qazilərimizin müalicəsi üçün qardaş Türkiyəyə də bu işlər təşkil edilir”.

Parlament üzvü əlavə edib ki, bu işdə Heydər Əliyev Fondunun və YAŞAT Fondunun gördüyü işlər xüsusi qeyd edilməlidir: “Bu fondların birbaşa dəstəyi ilə bizim qazilərimiz xüsusi nəzarətdə saxlanılır. Onlar müasir dövrün tələblərinə cavab verən protezlərlə təmin edilir. Onların ən yüksək səviyyədə müalicəsi təşkil olunur və daim təkrar müayinələrdən keçirilirlər. Onların haqlı şikayətlərinin öz həllini tapması üçün xüsusi komissiyalar yaradılıb. Yaradılmış bu komissiya baş vermiş prosesləri operativ formada həyata keçirir. Qazilərimizin sosial təminatı bundan sonra da ən yüksək səviyyədə təmin ediləcək və Azərbaycan onların sosial həyatlarının yaxşılaşdırılması üçün sosial paketlərini davam etdirəcək. Hesab edirəm ki, cəmiyyət olaraq hər birimiz onların öncül cərgələrdə olmasını təmin etməliyik”.

Teqlər: