“Qazilərin Gücləndirilməsi Layihəsi”nin ikinci mərhələsi başa çatıb

Mayın 13-də “Azərbaycanda xidmət göstərənlər üçün keçirilən
psixososial dəstək təlimləri ilə qazilərin gücləndirilməsi
layihəsi”nin ikinci mərhələsinin başa çatması ilə bağlı tədbir
keçirilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən AzerTimes-a
bildirilib ki, layihə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə
Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Sosial
Xidmətlər Agentliyi, Türkiyə Respublikasının İctimai İnkişaf
Mərkəzinin Təhsil və Sosial Həmrəylik Dərnəyi (TOGEM-DER), Türkiyə
Respublikasının Xarici İşlər Nazirliyi, Türkiyə Respublikasının
Mədəniyyət və Turizm Nazirliyi, Ankara Universiteti və Ankara
Ticarət Palatasının təşəbbüsü və təşkilatçılığı ilə ərsəyə
gəlib.

Layihənin əsas məqsədi ölkəmizdə şəhid və qazi ailələrinə sahə
xidməti göstərən psixoloq, psixiatr və sosial işçilərin bilik və
bacarıqlarını artırmaq və bu sayədə müharibə iştirakçıları və şəhid
ailəsi üzvlərinin ruhi və psixoloji vəziyyətinin yaxşılaşmasına
nail olmaqdır.

Tədbirdə Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in
İdarə Heyəti sədrinin vəzifələrini müvəqqəti icra edən Vüqar
Qurbanov, TOGEM-DER İdarə Heyətinin sədri Füsun Türken Uysal,
Ankara Universitetinin Sağlamlıq elmləri fakültəsinin dekanı Əminə
Özmete, Türkiyə Respublikasının Azərbaycandakı səfiri Cahit Bağcı
və Türkiyə Böyük Millət Məclisinin Ərizə Komissiyasının sədri,
millət vəkili Mihrimah Belma Satır çıxış ediblər.

Tədbirdə çıxış edən Z.Əliyev layihənin ərsəyə gəlməsində dəstək
olan Türkiyə Respublikasının qurumlarına təşəkkür edib və bu
təcrübənin iştirakçılar üçün faydalı olacağına əminliyini ifadə
edib. O əlavə edib ki, Agentlik qardaş ölkə ilə əlaqələrin inkişaf
etdirilməsində maraqlıdır: “Biz daim Türkiyənin müvafiq səhiyyə
qurumları ilə əməkdaşlığın genişləndirilməsinə çalışır, icbari
tibbi sığorta və səhiyyə sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi
istiqamətində mütəmadi olaraq qarşılıqlı səfər və görüşlər təşkil
edir, birgə layihələr icra edirik”.

İdarə Heyətinin sədri həmçinin müharibə iştirakçılarının və
şəhid ailəsi üzvlərinin daim dövlətin qayğısı ilə əhatə olunduğunu
və Agentliyin bu istiqamətdə tədbirlər gördüyünü vurğulayıb:
“2022-ci ilin yanvar-aprel ayları ərzində 6500-ə yaxın Vətən
müharibəsi iştirakçısı və şəhid ailəsi üzvünə icbari tibbi sığorta
çərçivəsində 47 mindən çox tibbi xidmət göstərilib”.

TƏBİB-in İdarə Heyəti sədrinin vəzifələrini müvəqqəti icra edən
Vüqar Qurbanov isə Türkiyə Respublikasının daimi dəstəyini diqqətə
çatdırıb: “Heç şübhəsiz ki, haqq savaşımızda qəhrəmanlıqla vuruşmuş
qazilərimizin sağlamlıqlarına qovuşmasında Türkiyəli həkimlərin
rolu danılmazdır. Bu günə qədər birgə əməkdaşlıq çərçivəsində Yaşat
Fondu tərəfindən Türkiyəyə əməliyyat üçün göndərilmiş onlarla
qazimiz qardaş ölkədə öz sağlamlıqlarına qovuşaraq vətənimizə
qayıdıb”.

Türkiyə Respublikasının ölkəmizdəki səfiri Cahit Bağcı isə iki
ölkə arasındakı əlaqələrin inkişafından və layihənin əhəmiyyətindən
danışıb: “Sevindirici haldır ki, bu əhəmiyyətli layihəmizin
bağlanış mərasimi Türkiyə və Azərbaycan arasında diplomatik
əlaqələrin qurulmasının 30-cu ildönümünə təsadüf edir. Bu kimi
sosial layihələrin isə davamlı olması üçün əlimizdən gələni
əsirgəməyəcək, Türkiyədəki digər universitetlərin və sosialyönümlü
qeyri-hökumət təşkilatlarının bu işə cəlb olunmasına
çalışacağıq”.

Tədbirdə sonunda təlimçilərə və iştirakçılara müvafiq olaraq
təşəkkürnamələr və sertifikatlar təqdim olunub.

Qeyd edək ki, layihənin cari ilin mart ayında keçirilmiş birinci
mərhələsində vebinarlar keçirilib. May ayında Bakıda baş tutan 3
günlük təlimlərdə isə öyrənilən bilik və bacarıqlar
təkmilləşdirilib. Layihəyə 70-dən çox əməkdaş cəlb olunub.

Teqlər: