“Azəriqaz” İstehsalat Birliyi 2021-ci ilin əvvəlindən etibarən həm 1-ci Qarabağ müharibəsinin iştirakçıları, həm də Vətən müharibəsinin qazi və şəhid ailələrinin müraciətlərini qeydə almağa başlayıb.
Qurumdan AzerTimes-a verilən məlumata görə, bununla bağlı müvafiq strukturlarda məsul şəxslər ayrılıb və tərtib olunan tədbirlər proqramı əsasında qeyd edilən kateqoriyadan olan insanların qaz təsərrüfatına dair problemlərinin həllinə çalışılır. Bu müraciətlər təmin edilərkən əgər qazi və ya şəhid ailəsinin yaşadığı küçədə, məhəllədə digər təbii qazdan istifadə edə bilməyən fərdi yaşayış evləri də varsa, Birliyin daxili imkanları hesabına həmin ərazidə küçə xətlərinin çəkilməsi də təmin edilir.
Bu günlərdə daha bir neçə qazi ailəsinin yaşadığı evlərin qazlaşdırılması yekunlaşıb. Murad Rəhimov gənc yaşlarından vətənpərvər ruhda böyüyüb. O, 2007-ci ildə hərbi xidmətdə olarkən qar uçqununa düşüb. Qar uçqununa düşməsi nəticəsində xəsarət alıb və 2-ci qrup əlil olub. Dövlətin diqqət və qayğısı nəticəsində müalicə olunaraq sağalıb. 2020-ci ildə Vətən müharibəsi başlayan zaman o, könüllü olaraq yenidən ordu sıralarına qoşulub. Döyüş yolu Füzulidən başlayıb, Qubadlı və Şuşa istiqamətində gedən əməliyyatlarda böyük qəhrəmanlıq göstərib. Qazi “Azəriqaz” İstehsalat Birliyinə müraciət edərək, Lənkəran rayonu, Gərmətürk kəndində yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə edə bilmədiyini bildirib. Məsələ Birlik tərəfindən nəzarətə götürülüb, fərdi yaşayış evinə diametri 57 mm olan 153 metr uzunluğunda qaz xətti çəkilib və sayğac quraşdırılıb.
Ramil Məhərrəmovun Vətən müharibəsində döyüş yolu Cəbrayıldan başlayıb, daha sonra Füzuli, Qubadlı və Şuşa uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. Qazinin Sabirabad rayonunda 2 ildir inşa olunan yeni fərdi yaşayış evində təbii qazın olmaması onun ailəsi üçün xeyli çətinlik yaradırdı. Bu səbəbdən o, müharibədən qayıtdıqdan sonra “Azəriqaz” İstehsalat Birliyinə müraciət edib və təbii qazın çəkilişi təmin olunub.
Daha bir qazi müraciəti də həllini tapıb. Elşən Mustafayev 1993-1994-cü illərdə 1-ci Qarabağ döyüşlərində iştirak edib. Ağdam istiqamətində gedən döyüşlərdə yaralanıb, 2-ci qrup Qarabağ əlilidir. O, “Azəriqaz” İB-yə müraciət edərək Sumqayıt şəhəri, Yaşıldərə adlanan yaşayış massivində yerləşən fərdi yaşayış evində təbii qazın olmadığını bildirib. Dərhal Birliyin baş direktorunun tapşırığı ilə qazinin yaşadığı fərdi yaşayış evinə qaz xətti çəkilib və sayğac quraşdırılıb.
Müraciətlərin bir neçəsinə dair video materiallarla aşağıdakı sosial şəbəkə ünvanında tanış ola bilərsiniz.
https://www.youtube.com/watch?v=7lN8I8CYVAk&t=5s
https://www.youtube.com/watch?v=LjcijtYsIw8&t=21s