Qazi atamın, şəhid əmimin qisasını aldım – Vətən Müharibəsi Qəhrəmanı (FOTO)

Xəbər - Fərid Zöhrabov – Trend:

Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüş ən gənc döyüşçülərdən biri də Azər Abdullazadədir. O, 2001-ci il Tərtər rayonunun Cəmilli kəndində anadan olub. 2019-cu ildə hərbi xidmətə yollanıb. Orada tank bölüyündə xidmət edib.

Gənc qəhrəman özü və keçdiyi döyüş yolu haqqında təəssüratlarını Trend-ə danışıb.

Bildirib ki, hərbi xidmətini başa vurmağa az qalmışdı ki, Vətən müharibəsi başlanıb:


“Müharibənin başladığı ilk gündən bir tankçı olaraq Füzuli istiqamətində döyüşlərə atıldım. Əsasən, Füzuli və Cəbrayıl istiqamətində döyüşmüşəm. Birinci dəfə sentyabr ayının 30-da Füzuli istiqamətində gedən döyüşlərdə yaralandım. Məni hospitala təxliyə etdilər. Bir gün sonra öz təkidimlə təkrar döyüşə qayıtdım. Düşmənin çoxsaylı canlı qüvvəsini və zirehli texnikasını heyətində olduğum ekipajla məhv etdik. İkinci dəfə oktyabr ayının on biri Cəbrayıl rayonunun Hacılı kəndində yaralanmışam. Tankda üç nəfər idik. Tankımız vurularkən tank komandirimiz şəhid oldu. Mən və digər döyüş yoldaşım ağır yaralandıq. Mən sağ gözümü itirdim, sol gözüm isə zədə aldı. Hələ də başımda dörd qəlpə var. Bu günə qədər yeddi dəfə əməliyyat olunmuşam. Müalicəm hazırda da davam edir”.

O, ən yüksək fəxri adla – Vətən Müharibəsi Qəhrəmanı adı ilə təltif edildiyi üçün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdar olduğunu bildirdi: “Onu da xüsusilə vurğulamaq istəyirəm ki, uşaqlıqdan vətənpərvər ruhda tərbiyə olunmuşam. Birinci Qarabağ müharibəsində qazi olan atamın, şəhid olan əmimin qanı məndə düşmənə olan nifrəti daha da artırırdı. Şükür bu günə ki, onların qisasını aldım… Üzümü gənclərə tutub demək istəyirəm ki, Vətəni ürəkdən sevin, onu müdafiə etməyə, yeri gələrsə, uğrunda canından keçməyə hazır olun. Qoy, Birinci və İkinci Qarabağ müharibəsi iştirakçılarının rəşadəti, qorxmazlığı hər kəsə nümunə olsun!”.

Teqlər: