Qazaxıstanın Almatı şəhərində 6.7 bal şkalasında güclü zəlzələ olub.
Baş verən zəlzələ nəticəsində 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Bu barədə Almatı Səhiyyə İdarəsi məlumat yayıb.
Məlumata görə, onlardan üçü binaların ikinci və üçüncü mərtəbələrin pəncərələrindən tullanaraq xəsarət alıb.
“Yanvarın 23-də saat 03:00-a (Bakı vaxtı ilə saat 00:00) Almatıda baş vermiş zəlzələ nəticəsində 8 nəfər xəsarət alıb. Onların hamısı dərhal şəhər xəstəxanalarına çatdırılıb. Üç nəfər isə yaşayış binalarının 2-ci və 3-cü mərtəbələrindən tullanarkən xəsarət alıblar”, – mətbuat xidmətinin məlumatında bildirilir.
Yaralı 3 nəfərdən ikisi müayinədən sonra ambulator müalicəyə göndərilib. İdarədən bildirilib ki, üçüncü xəstənin vəziyyəti ağır qiymətləndirilir, o, xəstəxanaya yerləşdirilib. Məlumata görə, daha 5 nəfər evdən qaçarkən xəsarət alıb. Onlara lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə də göndərilib.