Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları ölkədə dünyəvi quruluşu devirməyi planlaşdıran ekstremist qrupun üzvlərini saxlayıblar.
AzerTimes xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, bu gün Astana, Atırau və Jezkazkan şəhərlərində radikal dini qruplaşmanın hücrələri zərərsizləşdirilib:
“Terrorçuluğu təbliğ, habelə ekstremist qrup yaratmaqla onlara rəhbərlik etməkdə şübhəli bilinən 12 nəfər saxlanılıb. Onlar Qazaxıstanda dünyəvi sistemi devirmək məqsədi güdüblər. Bunun üçün ekstremist ideologiyanı yayıb, özlərinə yeni tərəfdarlar toplayıblar. Təqsirləndirilən şəxslərin yaşayış yeri üzrə axtarış zamanı qadağan olunmuş ədəbiyyat və digər maddi sübutlar götürülüb. Qrupun bir sıra üzvləri keçmişdə ağır cinayətlər törədiblər”.
Qeyd edək ki, Qazaxıstan konstitusiyaya görə dünyəvi dövlətdir.