Qazaxıstanın Türküstan vilayətində yerləşən “Tau Samali” istirahət mərkəzində bu ölkənin aparıcı partiyası – “Nur Otan” partiyasının (sədri N. Nazarbayev) gənclər qanadı olan “Jas Otan” təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin və digər qurumların birgə təşkilatçılığı ilə Beynəlxalq Siyasi-Gənclik Forumu öz işinə başlayıb.
Qazaxıstanın müstəqilliyinin 30 illiyinə həsr olunmuş və dörd gün ərzində davam edəcək Forumun əsas məqsədi gənclərin liderlik, nitq və kommunikasiya qurma bacarıqlarını inkişaf etdirmək, komanda və şəbəkə yaratmaq qabiliyyətlərini, onların informasiya texnologiyalarına, o cümlədən, xeyriyyə işlərində iştiraka olan maraqlarını artırmaqdır.
Forumun açılış mərasimində İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin direktor vəzifələrini icra edən Vüsal Qurbanov, “Jas Otan” təşkilatının sədri Nurjan Jetpisbayev, eləcə də İƏT Gənclər Forumu Katibliyinin koordinatoru Yunus Çolak təmsil etdikləri qurumlar haqda geniş təqdimatla çıxış ediblər, o cümlədən, tədbir iştirakçılarına uğurlar arzu edərək, onları baş tutacaq debatlarda effektiv təkliflər verməyə dəvət ediblər.
Qazaxıstanın tanınmış ekspert və alimləri, aparıcı dövlət qurumlarının nümayəndələri tərəfindən aparılan təlim və seminarlarda Azərbaycan, Türkiyə, Pakistan, Rusiya Federasiyası, Çin, Özbəkistan, Tacikistan və dünyanın digər ölkələrindən olan gənclər həm əyani, həm də onlayn formatda iştirak edirlər. Forum çərçivəsində Azərbaycanın böyük şairi Nizami Gəncəvinin yaradıcılığı ilə bağlı təşkil olunacaq ayrıca paneldə azərbaycanlı ədəbiyyat ekspertlərinin çıxışları baş tutacaq.
Qeyd etmək lazımdır ki, Forum çərçivəsində bir sıra mədəni və idman tədbirlərin keçirilməsi, o cümlədən, milli və beynəlxalq qurumlar arasında əməkdaşlıq haqda müqavilələrin imzalanması planlaşdırılır.