Qazaxıstanda “Artilleriya atəşinin ustaları” müsabiqəsinin açılış mərasimi olub (FOTO)

“Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində Qazaxıstan Respublikasının Qvardiya qarnizonunda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin təntənəli açılış mərasimi olub.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Qazaxıstan Respublikasının Dövlət Himninin ifası ilə tədbir açıq elan edildikdən sonra müsabiqəyə qatılan komandaların təntənəli keçidi olub.

Qazaxıstan Respublikasının müdafiə naziri, general-leytenant Nurlan Yermekbayev çıxış edərək Beynəlxalq Ordu Oyunlarının başlaması münasibətilə yarış iştirakçılarını təbrik edib, komandalara uğurlar arzulayıb. Qazaxıstanın müdafiə naziri oyunların beynəlxalq əməkdaşlığın formalaşması, gücləndirilməsi və inkişafında əhəmiyyətindən danışaraq bu əlaqələrdə Qazaxıstanın rolunu da qeyd edib.

Sonra Beynəlxalq Ordu Oyunlarının bayrağı qaldırılıb və müsabiqədə iştirak edən komandalar “Beynəlxalq Ordu Oyunları” marşını ifa ediblər.

Təntənəli mərasimin sonunda minaatan qruplarının yarışlarına start verilib.

Sentyabrın 4-dək davam edəcək “Artilleriya atəşinin ustaları” müsabiqəsində Azərbaycan, Belarus, Vyetnam, İran, Rusiya, Suriya, Tacikistan və Özbəkistan komandaları iştirak edirlər.

Teqlər: