Qazaxıstanda NATO-nun sülhməramlı mərkəzi açılmayıb.
AzerTimes xəbər verir ki, bu barədə TASS-a Qazaxıstanın Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.
Qeyd olunub ki, oktyabrın 23-də Almatıda ABŞ-ın Qazaxıstandakı səfiri Daniel Rozenblyumun iştirakı ilə Qazaxıstan Müdafiə Nazirliyinin sülhməramlı əməliyyatlar mərkəzinin yeni konfrans zalının rəsmi açılışı olub:
“Bu mərkəz 2006-cı ildən ölkə silahlı qüvvələrinin sülhməramlı komponentinin inkişafı üçün nəzərdə tutulmuş təhsil müəssisəsi kimi fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi BMT standartlarına uyğun olaraq sülhməramlı əməliyyatlarda iştirak etmək üçün hərbi və digər şəxsi heyətin dil hazırlığı və təlimi, habelə BMT missiyalarına yola düşməzdən əvvəl milli sülhməramlı kontingentlərin hazırlanmasıdır”.
Qeyd edək ki, bundan əvvəl bəzi Rusiya KİV-ləri Qazaxıstanda NATO-nun sülhməramlı mərkəzinin açıldığı barədə məlumat yayıb.