Qazaxıstanın milli operatoru “QazTransOil” yanvarın 1-dən etibarən TON-2 boru kəmərinin özünə aid hissəsi ilə Rusiyadan neftin nəqli üçün tarifləri artırıb.
AzerTimes xəbər verir ki, bu barədə operatorun saytında məlumat verilir.
Bildirilib ki, 1 yanvardan min kilometr məsafə üçün tranzitin qiyməti bir tona 11,28 dollar təşkil edir (ƏDV nəzərə alınmadan).
“QazTransOil” Səhmdar Cəmiyyətinin məlumatına görə, tarifin dəyişdirilməsi ilə bağlı sərəncam 2023-cü il dekabrın əvvəlində şirkətin idarə heyətinin rəhbəri tərəfindən təsdiq edilib. O zaman min kilometr tranzitin qiyməti bir ton üçün 9,3 dollar olub.
TON-2 (Tuymazı – Omsk – Novosibirsk-2) magistral boru kəməri ildə 10 milyon ton ötürmə qabiliyyətinə malikdir. TON-2-nin layihə gücü ildə 18 milyon tona çata bilər. Qazaxıstan ərazisində boru kəmərinin uzunluğu 186,25 kilometr olan hissəsi var ki, oradan Rusiya nefti Pavlodar neft-kimya zavoduna verilir, daha sonra onun bir hissəsi Çin və Özbəkistana göndərilir.