Qazaxıstan sərhədçiləri tərəfindən öldürülmüş Azərbaycan vətəndaşının meyiti ailəsinə təhvil verilib.
Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən bildirilib ki, 6 may 2020-ci il tarixdə Xəzər dənizinin mərkəzi istiqamətində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisi tərəfindən 30 aprel 2020-ci il tarixdə Qazaxıstan Respublikasının Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən Xəzər dənizində 4 nəfər Azərbaycan Respublikası vətəndaşının saxlanılması zamanı silahın tətbiqi nəticəsində həyatını itirmiş Neftçala rayonu sakini, 1969-cu il təvəllüdlü İbrahimov Qəhrəman Kamil oğlunun cənazəsi qəbul edilib. Meyit həmin gün mərhumun ailəsinə təhvil verilib.
Qeyd edək ki, 30 aprel 2020-ci il tarixində Xəzər dənizində Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası vətəndaşları Q.İbrahimov, E.Nuriyev, E.Əhmədov və Ş.Novruzovun saxlanılması zamanı silah tətbiq etməsi nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.