2020-ci il noyabrın 10-da imzalanmış bəyanatın müddəaları Ermənistan tərəfindən kobudcasına pozulur.
AzerTimes xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Report-a müsahibəsində bildirib.
“Ermənistan ordusunun qalıqları hələ də Azərbaycan ərazilərindən tam olaraq çıxarılmayıb. Bizdə olan məlumatlara əsasən, Qarabağ bölgəsində təxminən 10 minlik şəxsi heyət qalmaqdadır. Qanunsuz erməni silahlı dəstələri yeni postlar və mühəndis-istehkam qurğuları yaradır, ərazilərimizi 2021-ci ildə Ermənistanda istehsal edilmiş minalarla çirkləndirir, Azərbaycan ordusunun mövqelərini atəşə tutur. Faktiki olaraq yeni “təmas xətti” qurmağa çalışırlar.
Qazax rayonunun 7, Naxçıvanın isə 1 kəndi hələ də işğal altındadır. Laçın yolundan hərbi məqsədlər, o cümlədən silah-sursatın, minaların daşınması, şəxsi heyətin rotasiyası üçün istifadə olunurdu. Ermənistan 10 noyabr bəyanatına zidd olaraq, Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərini də yerinə yetirmir. Azərbaycanın qərb rayonlarından Naxçıvana bu günə qədər bir maşın belə keçməyib”, – Hikmət Hacıyev vurğulayıb.