Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri ilə nəql edilən Qazaxıstan neftinin ilk partiyası aprelin 22-də Türkiyənin Ceyhan limanından yola salınıb.
AzerTimes xəbər verir ki, bu barədə SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Midstream Operations” MMC məlumat yayıb.
Bildirilib ki, “Tengiz” yatağından hasil edilən 83,2 min ton (665 min barrel) neft “Alatau” tankerinə yüklənib. Yükləmə mərasimində SOCAR, “KazMunayQaz”, “Tengizşevroil”, “Kazmortransflot” və onların törəmə şirkətlərinin nümayəndə heyətləri iştirak ediblər.
Bu nailiyyət 2023-cü ilin martında başlayan Qazaxıstanın Aktau limanından Azərtrans Səngəçal terminalına davamlı neft tədarükü və sonradan BTC vasitəsilə nəqli nəticəsində əldə edilib. Ceyhan limanında Qazaxıstan neftinin növbəti partiyasının tankerə yüklənməsi 2023-cü ilin may ayının sonuna planlaşdırılır.
Qeyd edək ki, Qazaxıstan neftinin BTC ilə nəqli SOCAR və “KazMunayQaz” şirkəti arasında hər il 1,5 milyon ton neftin tranzitini nəzərdə tutan saziş çərçivəsində həyata keçirilir. “Tengiz” yatağından hasil edilən Qazaxıstan neftinin ilk partiyası “Prezident Heydər Əliyev” tankeri ilə bu il martın 23-də Aktaudan Səngəçal terminalına gətirilib.
SOCAR Qazaxıstan neftini BTC boru kəmərinə qəbul etmək üçün 2022-ci ildə Səngəçal terminalının ərazisi və ətrafında toplayıcı boru kəmərləri şəbəkəsinin yenilənməsi istiqamətində mühüm layihələr həyata keçirib. Bu layihələr BTC-nin ötürmə gücündən istifadə səviyyəsini artırıb.
Qazaxıstan neftinin birinci partiyasının Ceyhan limanından yola salınması SOCAR və “KazMunayQaz” arasında tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində önəmli nailiyyətdir. Bu hadisə Xəzər neftinin dünya bazarlarına nəqli üçün əsas marşrut kimi BTC boru kəmərinin strateji rolunu göstərərək regional enerji əməkdaşlığının əhəmiyyətini bir daha sübut edir.