Xəbər - Ləman Zeynalova – Trend:
Təbii qaz qiymətləri koronavirusun “omikron” ştammının yayılması, vaksinlərin səmərəliliyində şübhələrin yaranması və bu səbəbdən bütün dünyada enerji daşıyıcılarına tələbin azalması ehtimalı ilə əlaqədar təzyiqlərlə üzləşə bilər.
Trend-in məlumatına görə, bunu Norveçin “Rystad Energy” konsaltinq şirkətinin qaz bazarları üzrə baş analitiki Kauşal Rameş deyib.
Onun sözlərinə görə, bununla belə, nikbin amillər də qalmaqdadır, çünki Avropada temperatur azalır və regionda qaz tədarükü ilə bağlı qeyri-müəyyənliklər qalır.
Ekspert qeyd edib ki, Avropada normadan aşağı temperaturun olacağı ilə bağlı proqnozlar və qazın anbarlarda saxlanmasından imtina edilməsi mavi yanacağın qiymətlərinə müsbət təsir edə bilər:
“Avropa anbarları qış sərt keçəcəyi təqdirdə 2022-ci ilin aprelinədək saxlama həcmlərini nominal gücün 12 faizinədək azalda bilər”, – deyə o, bildirib
O əlavə edib ki, mayeləşdirilmiş təbii qaz idxalı fəal şəkildə davam edir. Qərbi və Cənubi Avropa noyabr ayında 6,8 milyon tona yaxın qaz idxal edib ki, oktyabr ayında bu göstərici 5,7 milyon tona bərabər idi. O qeyd edib ki, bu amil 2021-ci ilin sonunda bazara müsbət təsir göstərə bilər.
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)