Qaz müayinəsi və texniki xidmətlə bağlı reyestr yaradılacaq

Qaz müayinə və texniki xidmət məlumatları üzrə reyestrin
aparılması və ondan istifadə qaydası təsdiqlənəcək.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Qaz
təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” qanunun tətbiqi barədə imzaladığı fərmanda əksini
tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti dörd ay müddətində “Qaz
təchizatı haqqında” qanunda nəzərdə tutulmuş müayinə və texniki
xidmət məlumatları üzrə reyestrin aparılması və ondan istifadə
qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla
təsdiq edəcək. Nazirlər Kabinetinə bu müddət ərzində qaz
paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü
bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində
müayinənin keçirilməsi qaydasını və müayinənin və texniki xidmətin
həyata keçirilməsinə monitorinqin keçirilməsi qaydasını, o cümlədən
ixtisaslaşmış podratçılara verilən ixtisas attestatının formasını,
onun verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya ləğv
edilməsi, eləcə də ixtisaslaşmış podratçıların reyestrinin
aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi
qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla
təsdiq etməlidir.

Nazirlər Kabineti beş ay müddətində qaz qurğularının
tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə
saxlanmasına dair tələbləri, qaz qurğularının qazın atmosferə
buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə
və digər göstəricilərinə dair tələbləri, tüstü bacalarının
istismarında təhlükəsizlik texnikası qaydasını təsdiq etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
verməlidir.

Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi, “Qaz
təchizatı haqqında” qanuna uyğun olaraq müayinə və texniki xidmət
məlumatları üzrə reyestrin yaradılmasını dörd ay müddətində təmin
etməlidir və həmin informasiya sisteminin Elektron Hökumət
İnformasiya Sisteminə inteqrasiyası üçün Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi ilə birlikdə zəruri tədbirlər görməlidir.

Teqlər: