Qaz-kimya texnologiyasının inkişafı üçün böyük istehsal obyektinə ehtiyac var – Baş direktor

Xəbər - İlhamə İsabalayeva – Trend:

Qaradağ Qaz Emalı Zavodunun yenidən qurulmasına respublikanın sənayesinin potensial imkanlarından istifadə etməklə və ölkədə fəaliyyət göstərən sənaye parkları vasitəsilə nail olmaq, eyni zamanda, istehsal olunan avadanlıqların xaricdə satışını həyata keçirmək mümkündür.

AzerTimes-ın məlumatına görə, bunu AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) baş direktoru, professor Əbülfəz Babayev deyib.

Ə.Babayev YT Parkın Qaradağ Qaz Emalı Zavodunun rekonstruksiyasını həyat keçirmək və iqtisadi cəhətdən əsaslandırmaq üçün potensiala sahib olduğunu da vurğulayıb:

“Bu, eyni zamanda xaricə valyuta axınının qarşısını alacaq, iş yerlərinin açılmasına şərait yaradacaq, yeni sənaye parklarının fəaliyyət göstərməsinə imkan verəcək”.

Neftdən asılılığı azaltmaq, neft-kimya proseslərində neftin xüsusi çəkisini aşağı salmaq üçün qaz-kimya texnologiyasının inkişaf etdirilməsinin zəruriliyi məsələsinə toxunan Ə.Babayev bunun üçün böyük bir istehsal obyektinin formalaşdırılmasına və bir sıra qonşu ölkələrlə birgə konsorsiumun yaradılmasına ehtiyac duyulduğunu diqqətə çatdırıb.

Teqlər: