Xəbər - Fərid Zöhrabov – Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
Sosial Xidmətlər Agentliyinin bu il fevralın 1-dən fəaliyyətə
başlayan “Qayğı” Çağrı Mərkəzinə (116 123) ötən dövrdə 200-ə yaxın
müraciət daxil olub. Hər bir müraciət qeydiyyata alınaraq
araşdırılıb və aidiyyəti üzrə yönləndirilib.
Müraciətlər əsasən imtiyazlı şəxslərin mənzil və avtomobil
təminatı, sosial-psixoloji dəstək, məişət zorakılığından zərər
çəkənlərə dəstək, sosial xidmət müəssisələrinə qəbul qaydaları,
Agentliyin digər fəaliyyət istiqamətləri ilə bağlı olub.
Onlardan mühüm bir hissəsi sorğu xarakteri daşıyıb və
vətəndaşlara müvafiq məlumatlar verilib.
“Qayğı” Çağrı Mərkəzində Agentlik tərəfindən göstərilən sosial
xidmətlər və müəssisələrə qəbul proseduru barədə məlumatlandırma,
məişət zorakılığına məruz qalmış şəxslərə dəstək, Uşaq Çağrı Xətti
və onlayn-psixoloji dəstək istiqamətləri üzrə müraciətlər
cavablandırılır.
Sosial xidmətə ehtiyacı olan hər kəs “Qayğı” Çağrı Mərkəzinə
zəng edərək Agentliyin təqdim etdiyi sosial xidmətlərdən yararlana,
habelə bu xidmətlərlə bağlı məlumatlar əldə edə bilər.