Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və
Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçiləri
tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmasının müəyyən
edilməsi məqsədilə nəzarət tədbirlərini davam etdirir.
Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, bu çərçivədə, Bakı şəhəri, Sabunçu rayonunun
Pirşağı, Binəqədi rayonunun Novxanı, Sumqayıt şəhərinin Corat və
H.Z.Tağıyev yaşayış məntəqələrinin Xəzər dənizinin sahilboyu
ərazilərində keçirilmiş operativ nəzarət tədbirləri zamanı 16 asma
mühərrikli qayıq saxlanılaraq həmin nəqliyyat vasitələrinin texniki
və qeydiyyat sənədləri, təchizat və xilasetmə vasitələri, həmçinin
kiçikhəcmli gəmi sürücülərinin sürücülük vəsiqələri yoxlanılıb.
Kiçikhəcmli gəmilərin təhlükəsiz istismar qaydalarının müvafiq
tələblərini (görmə məsafəsi məhdud olduğu hallarda günün qaranlıq
vaxtı idarəetmə, sürücülük hüququ, habelə xilasetmə və digər
təchizat avadanlıqları olmadan kiçikhəcmli gəmilərin istismarı,
bort nömrəsinin olmaması) pozan 5 gəmi istifadəçisi inzibati
məsuliyyətə cəlb olunaraq barələrində protokol tərtib edilib.
Eyni zamanda, gəmi istifadəçilərinə kiçikhəcmli gəmilərin
qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına
alınmasının və texniki baxışdan keçirilməsinin, habelə gəmi
sürücüləri tərəfindən sürücülük vəsiqələrinin alınmasının vacibliyi
izah olunaraq, onlarla maarifləndirici söhbətlər də aparılıb.