Xəbər - Elçin Mehdiyev – Trend:
Son aylar Azərbaycanda COVİD-19 infeksiyasına yoluxma sayında ciddi azalmaya və ümumi epidemioloji vəziyyətin müsbətə doğru dəyişməsinə nail olunub. Bu nəticəni dövlət tərəfindən həyata keçirilən effektiv və sistemli tədbirlərin sayəsində əldə etmək mümkün olub. Bundan sonra daha diqqətli olmalıyıq ki, yenidən sərt karantin rejiminin tətbiq olunmasına zərurət yaranmasın.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
A.Hüseynov bildirib ki, bu müsbət tendensiyanın əldə olunmasında ölkəmizdə həyata keçirilən vaksinasiya prosesinin böyük rolu oldu:
“Dünyanın aparıcı ölkələri ilə eyni vaxtda peyvəndləmənin həyata keçirilməsinə başlayan Azərbaycan hazırda əhalinin vaksinasiyası göstəricilərinə görə MDB məkanında liderdir. Azərbaycan hökuməti dünyada mövcud olan yüksək rəqabət, vaksin qıtlığı şəraitində öz əhalisinin tələbatını ödəmək üçün Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiq olunmuş vaksinlərin ölkəyə gətirilməsini təmin etdi. Bu gün ölkəmizdə dörd növ vaksin tətbiq olunur və əhali vaksin seçimi etmək imkanı əldə edib.
Əldə edilən bu müsbət tendensiya karantin rejiminin yumşaldılmasına imkan verdi. Epidemioloji vəziyyətin yaxşı olması nəticəsində açıq havada maska qadağası aradan qaldırıldı, şənlik məclislərinin keçirilməsinə, idman zallarının, “mall”ların açılmasına icazə verildi. Lakin bütün bu yumşalmalar vətəndaşlarımızı arxayınlaşdırmamalıdır, çünki təhlükə hələ qalmaqdadır.
İnsan həyatı üçün daha çox təhlükə kəsb edən Hindistan ştammının Rusiyada, digər region ölkələrində geniş yayılması əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsinə səbəb olub.
Bu baxımdan vətəndaşlarımız diqqətli olmalı, qaydalara ciddi şəkildə riayət etməlidir ki, yenidən sərt karantin rejiminin tətbiq olunmasına zərurət yaranmasın. Eyni zamanda vaksinasiya prosesində də aktiv iştirak etməliyik. Bu gün Azərbaycanda kifayət qədər vaksin mövcuddur. Özümüzü, yaxınlarımızı, ümumilikdə cəmiyyətimizi qorumaq üçün hər birimiz vaksin vurdurmalıyıq”.