Xəbər - Çingiz Səfərli – Trend:
Böyük turizm potensialına malik Qax şəhərində də tullantı suların optimal idarə edilməsi məqsədilə məhsuldarlığı sutkada 2000 kubmetr olan yeni tullantı sutəmizləyici qurğunun tikintisinə başlanılıb.
Bu barədə AzerTimes-a “Azərsu” ASC-dən məlumat verilib.
Bildirilib ki, layihə çərçivəsində qurğunun mexaniki hissəsində dəmir-beton işləri başa çatdırılıb, bioloji hissədə tikinti işləri davam etdirilir. Qurğu istismara verildikdən sonra Qax şəhərində yaranan tullantı suları burada tam zərərsizləşdirilərək kənarlaşdırılacaq.
Qeyd edək ki, dövlət büdcəsi vəsaiti hesabına Qax şəhəri, həmçinin rayonun Qaxinqloy və Qaxbaş kəndlərində içməli və tullantı su infrastrukturlarının yaradılması işləri yekunlaşıb. Layihə çərçivəsində 119 km içməli su və 81 km tullantı su şəbəkələri inşa edilib, 28 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşdırılıb.
Ümumilikdə indiyə qədər 54 şəhər və rayon mərkəzinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasına başlanılıb. 32-də su və kanalizasiya, 12-də su şəbəkələrinin tikintisi yekunlaşıb. Eyni zamanda 22 şəhərdə yeni tullantı sutəmizləyici qurğu tikilərək istismara verilib, 7 şəhərdə qurğuların tikintisi davam etdirilir.