Xəbər - Samir Əli -Trend:
İyunun 24-də saat 12 radələrində Qax rayonu, Süskənd kəndi ərazisində yerləşən mineral su istehsalı sexində Aydın Şabanovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Qax rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, “Muxtarov Elmir adına mineral su istehsalat sexi”ndə su şüşələrinin paketlənməsi qurğusunda yaranmış nasazlıqların aradan qaldırılması üçün dəvət olunmuş Aydın Şabanov buxar qurğusunda baş vermiş partlayış nəticəsində almış olduğu xəsarətlərdən ölüb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.