Qətərə siyasi şərtlər qoyuldu

Qətərə siyasi şərtlər qoyuldu

Diplomatik qalmaqalın yaşandığı Qətərlə daha iki ölkə münasibətini kəsib.

Bu siyahıya İordaniya və Mavritaniya da qoşulub.

İordaniya ölkəsindəki “Əl Cəzirə”nin ofisini də qapadıb. Mavrinatiyanın rəsmi xəbər agentliyi (AMI) Qətərin mövcud siyasətini davam etdirməkdə israr etdiyi üçün əlaqələrin kəsildiyini açıqlayıb.

Qeyd edək ki, bir neçə gün öncə Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir, Yəmən, Liviya, Birləşmiş Ərəb Əmirlikləri və Maldiv Qətərlə əlaqəsini kəsdiyini elan etmişdi. Bu ölkələr Qətərlə avia reysləri belə dayandırıb, diplomatlara ölkədən çıxmaq üçün vaxt qoymuşdular.

Bu arada Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Bin Əhməd əl-Cubeyr Qətərin ərəb dünyası ilə münasibətlərini bərpa edə bilməsi üçün bəzi şərtlərə əməl etməli olduğunu açıqlayıb.

Bu şərtlər arasında Həmas və Misirdəki Müsəlman Qardaşlarına verilən dəstəyin sona çatması var. “Biz Qətərin bir neçə il öncə radikal qruplaşmalara dəstəklə bağlı verdiyi sözü yerinə yetirməyini istəyirik. Heç kim Qətərə ziyan vurmaq istəmir. Hansı yöndə hərəkət edəcəyinə özü qərar verəcək”.

Nazir ərəb ölkələrinin atdığı addımların olduqca sərt olduğunu da etiraf edib. “Bunların Qətərə təsiri olduqca böyük olacaq”.

Qeyd edək ki, hal-hazırda Qətərlə siyasi və iqtisadi əlaqələri kəsən ölkələr bunlardır: Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Yəmən, Birləşmiş Ərəb Əmirlikləri, Liviya, Maldiv, İordaniya və Mavritaniya.