Qaşqaylar Azərbaycandan kömək istədi

Qaşqaylar Azərbaycandan kömək istədi

Qaşqay milli hərəkatının fəallarından olan Ruhulla Muradinin həbs olunan hərəkat üzvləri haqqında AzerTimes-a müsahibəsi:

– Son vaxtlar KİV-də İranda qaşqaylara təzyiq edilməsi ilə bağlı xəbərlər dərc edilir…

– Elədir, bir ay ərzində onlarla qaşqay gənc səbəbsiz saxlanılıb. Bəzilərindən, ümumiyyətlə, xəbər yoxdur. Tutulanlar arasında 19 yaşlı bir qızımız vardı. Amma ailəsi qızın adının yayılmasını istəmədi. Xəbərlərdə də “bir qaşqay xanım tutuldu” şəklində yayıldı. Daha sonra Əbülfəz Kərəmi tutuldu. O, milli hərəkatın tanınmış şəxslərindəndir. Əvvəllər də bir neçə dəfə milli fəaliyyətinə görə həbs olunub. Onun növbəti dəfə tutulması sosial şəbəkələrdə və mediada böyük səs-küy yaratdı və həbsi etiraz doğurdu. Kərəminin müdafiəsi naminə 15 min tvit yazıldı. Buna paralel olaraq Mehdi Monirnejad adlı daha bir milli fəalımız öz evində yaxalandı. Onunla bağlı məlumat ala bilmirik. Şəhrizad şəhərində digər bir fəalımız Yasin Müsəvi isə iş yerindən tutularaq naməlum yerə aparılıb. İşlətdiyi sosial şəbəkəni də ələ keçiriblər. Ancaq bu təzyiqlər yeni deyil, beş ay əvvəl də təzyiqlərlər olub və xeyli sayda qaşqay fəal tutulmuşdu. Hətta beşini eyni anda, müxtəlif şəhərlərdə yatdıqları yerdə tutmuşdular. Milli fəaliyyətdə və müxtəlif ittihamlarda günahkar bilindilər. Hər yerdən təzyiqlər artıqdan sonra tutulanları müvəqqəti azad etdilər. Amma son bir ayda basqılar yenə şiddətlənib. Müvəqqəti azad etdikləri beş fəalı da hər gün çağırıb dindirirlər.

– Təzyiqlər 5 ay öncədən, yəni, təqribən ümumxalq etirazlarının genişləndiyi vaxt artıb?

– Belə basqılar həmişə olub. Amma milli fəallara toxunmurdular…

– Rejim tərəfindən qaşqaylara edilən basqının səbəblərini nədə görürsünüz?

– Əlbəttə ki, qaşqayların Avropada fəllaşması və Güney Azərbaycan türkləri ilə yürüşdə iştirak etməsi… Belə ki, bizim qaşqay təşkilatı – QAİ Güney azərbaycanlıları ilə birgə Avropada yürüş keçirdi. Təşkilatımızın Avropada fəaliyyəti artan kimi bizə daxildən təzyiqlər etdilər. Hətta tutulan beş fəalımıza bizim təşkilatı və məni qəbul etmədiklərini zorla imzalatmağa çalışıblar. Bizi casus və bölücü olaraq tanımaları tələb olunub. Buna bəziləri imza atsa da, bəziləri imtina edib. Rejim imza atmayanlara təzyiq edir. Qorxur ki, bizim Avropada fəallığımız daxildə də bir hərəkətlənməyə, oyanışa səbəb olar. 40 ildir ki, qaşqaylar dərin səssizlik içində idilər. Çünki qaşqay siyasi liderlərini məhv etdilər, bəziləri də ölkədən çıxmağa məcbur oldu. Qaşqayı daxildən boşaltdılar və rejim onlardan arxayın idi. Elə hesab edirdilər ki, daha qaşqaylar rejim üçün bir təhlükə yaratmayacaq. Amma qaşqaylarda başlayan milli hərəkatı sosial medialar vasitəsi ilə dünyada, Azərbaycan və Türkiyədə tanıda bildik. Bu da rejimin qorxusunu artırdı.

Həmçinin, İrandakı son etirazlarda qaşqaylar böyük rol oynadılar. Şirazda və bir çox şəhərdə küçələrə çıxanların çoxu qaşqay idi. QAİ təşkilatının yaydığı çağırışlarla küçəyə çıxırdılar. Bir neçə şəhidimiz oldu. Hətta Şirazda Adilabad zindanında yüzə yaxın qaşqayın saxlanması ilə bağlı bizdə məlumat var və onların adı gizli tutulur.
– Qaşqay türklərinin müdafiəsini, qurtuluşunu nədə görürsünüz?

– Bu xalqın ən əsas türk dövlətlərinin yardımına ehtiyacı var. Qaşqayların içində qaynayan bu duyğu – Azərbaycan və Türkiyə ilə yaxınlığı milli hərəkatın içində bir oyanış yaratdı. Bunu görən rejim basqılarını artırmağa və oyanışın qarşısını kəsməyə çalışır. Azərbaycan və Türkiyə mediasının dəstəyi bizim üçün vacibdir. Zindanda yatan və adları üzə çıxmayan insanlarımız haqqında məlumat yaymaq lazımdır. Türk dövlətlərindən, Azərbaycandan, Türkiyədən bizi yalnız qoymamalarını istəyirik. QAİ təşkilatı bu günə kimi öz ayaqlarının üzərində dayanıb. Amma indi elə bir nöqtəyə gəlmişik ki, böyük basqılara məruz qalmışıq. Bunlardan keçmək üçün dəstəyə ehtiyacımız yaranıb. Bizim məsələlərimizi hamıya anlatsınlar. Türk bacı və qardaşlarımızın köməyi ilə bu ağır günlərdən layiqincə çıxaq, milli hərəkatımızı öz hədəflərinə çatdıraq.

Teqlər: