Xəbər - Samir Əli – Trend:
Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qarlı hava şəraitində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq piyadalara və digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücülər saxlanılıb.
Dİn Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzerTimes-a verilən məlumata görə, Astara sakinləri F.Kazımzadə və Ü.Cabbarlı idarə etdikləri “Vaz 2107” markalı avtomobillərlə rayonun Siyakü kəndində yerləşən məktəbin qarşısında digər nəqliyyat vasitələri və piyadalar üçün təhlükəli olan manevrlər və avtoxuliqanlıq hərəkətləri ediblər. İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan həmin sürücülər saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib və barələrində toplanmış materiallar baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilib.
Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs 15 gün müddətində inzibati qaydada həbs olunub. Ü.Cabbarlı isə əlavə olaraq 1 il müddətində sürücülük hüququndan məhrum edilib.