Xəbər - Samir Əli – Trend:
Qarlı hava şəraiti ölkə ərazisində abonentlərin fasiləsiz içməli su ilə təchizatında ciddi problem yaratmayıb.
Bu barədə AzerTimes-a açıqlamasında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı deyib.
O bildirib ki, bəzi fərdi yaşayış evlərində su xətlərinin izolyasiya edilməməsi səbəbindən donmalar olub:
“Hələlik su təchizatı ilə bağlı ciddi çətinlik yoxdur. Su anbarlarımız, mənbələrimiz, texniki qurğular, magistral xətlər işlək vəziyyətdədir. Su anbarlarında kifayət qədər içməli su ehtiyatımız var”.
A. Cəbrayıllı bildirib ki, indiyə qədər “Azərsu”ASC-nin “Qaynar xətti”nə 11 zəng daxil olub:
“Həmin müraciətlər su sayğaclarının donması ilə bağlıdır. Müraciətlər həm regionlardan, həm də Bakı və Bakı ətrafı ərazilərdəndir. Abonentlərə tövsiyyə edirik ki, həmin ərazilərdə su xətləri və sayğacları şaxtaya qarşı izolyasiya etsinlər”.