Gürcüstan Baş naziri İrakli Qaribaşvili Avropa Komssiyasının prezidenti Ursula fon der Leyenə etiraz məktubu göndərib.
AzerTimes xəbər verir ki, baş nazir məktubda Avropa parlamentinin Gürcüstan barəsində qəbul etdiyi qətnamə və onun təsirlərindən söz açıb.
O bildirib ki, qətnamə qeyri-dəqiqliyi özündə əks etdirir:
“Bildiyiniz kimi, cari ilin 9 iyun tarixində Avropa Parlamenti Gürcüstan barəsində qətnamə qəbul etdi. Təəssüflər olsun ki, qeyd edilən qətnamə çox sayda təsdiqlənməmiş hissələri və faktiki qeyri-dəqiqliyi özündə əks etdirir. Bunlar barəsində ehtiyac yaranacağı təqdirdə sizə detallı informasiya verməyə hazıram”.
Onun sözlərinə görə, qətnamədə Bidzina İvanişvilinin hökumət üzərində nəzarət və Rusiya ilə əlaqələri kimi məsələlərdən söhbət açılır ki, bunlarla bağlı da hər hansı bir fakt mövcud deyil:
“Avropa Parlamentinin qətnaməsində qeyd edilənlərin heç bir sübutu yoxdur və bütün bunlar Gürcüstandakı mövcud idarəetmə sisteminin etimadsızlaşdırılmasına yönəlib”.
Qaribaşvilinin sözlərinə görə, Avropa Parlamenti tərəfindən qəbul edilən bu qətnamə Gürcüstan müxalifəti tərəfindən ölkə daxilində qütbləşmənin daha da dərinləşməsi üçün istifadə edilir.
Baş nazir bildirib ki, qətnamənin təsirlərinin azaldılması üçün Avropa Komissiyası öz mövqeyini ortaya qoymalıdır.