Gürcüstan Baş naziri İrakli Qaribaşvili iyulun 11-də Tiflsin mərkəzindəki Cümə məscidini ziyarət edib.
AzerTimes xəbər verir ki, bu barədə Gürcüstan Müsəlmanları İdarəsindən məlumat verilib.
Bildirilib ki, Baş nazir Tiflisdə mövcud olmuş Şah Abbas məscidindən qalan abidə, eləcə də XVIII əsrdə əl ilə yazılmış və cəmi 5 nüsxədən ibarət Quran-i Kərimin nadir nüsxəsi ilə tanış olub, din xadimləri ilə görüşüb.
Gürcüstanın hökumətinin başçısı ölkə müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib.
Onun sözlərinə görə, Gürcüstanda müxtəlif etnik və dini mənsubiyyətə məxsus insanlar tarixən birgə, dinc şəraitdə yaşayıblar. Gürcüstanın müsəlman icması ölkənin qurulması və inkişafına mühüm töhfə verir.
Dini İşlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Gürcüstan Müsəlmanları İdarəsinin sədri Şeyx Hacı Ramin İgidov, Qərbi Gürcüstanın müftisi Adam Şantadze, Şərqi Gürcüstanın müftisi Etibar Eminov çıxış edərək dini icmalara göstərilən qayğıdan söz açıblar.
Tədbirdə Azərbaycan, Türkiyə və Tiflisdə akkreditə olunmuş digər müsəlman ölkələrin diplomatları iştirak ediblər.