Türkiyə və Azərbaycanın birgə hərbi təlimi İran rəsmilərinin Azərbaycana qarşı terrorçu fəaliyyətlərinə cavab kimi qiymətləndirilməlidir.
AzerTimes xəbər verir ki, bu fikirləri türkiyəli köşə yazarı Ömür Çelikdönməz “Dik qəzet”dəki məqaləsində qeyd edib.
“Molla rejiminin Ermənistan sevgisi yeni deyil. Sadəcə öz ölkələrində yaşayan Güney Azərbaycanın türk əhalisinin Quzey Azərbaycan türkləri ilə birləşmək qorxusu onları ermənilərlə yatağa salır. İran administrasiyasının mövcud şərtlər altında qondarma təhlükəsizlik narahatlığı onun Ermənistan vasitəsilə Azərbaycana qarşı hibrid müharibə apardığını düşünməyə əsas verir.
Strateji müttəfiq kimi Tehranla İrəvan arasında əlaqələrin genişlənməsi, İranın Ermənistanı “qırmızı xətt” elan etməsi, ermənilərə təlim keçmək üçün 14 terrorçu göndərməsi, sərhədlərdə manevrlər, təəssüf ki, bu məlumatı təsdiqləyir. Bu azmış kimi, İran hakimiyyəti Azərbaycanı terrorçulara kömək etməkdə ittiham edir. Terrorçu dedikləri Güney Azərbaycan türkləri nəzərdə tutulur”, – yazar bildirib.
Onun sözlərinə görə, Ermənistanla İran Birinci Qarabağ müharibəsi dövründə də əməkdaşlıq ediblər və bu əməkdaşlıq Azərbaycana qarşı yölənib:
“1992-ci il mayın 8-də İranın vasitəçiliyi ilə danışıqlar aparıldığı zaman Azərbaycanın Şuşanı itirməsi də danılmaz həqiqətdir. İranın oxşar addımları İkinci Qarabağ müharibəsi vaxtında da davam edib. Türkiyə və Azərbaycanın birgə hərbi təlimləri İran rəsmilərinin Azərbaycana qarşı terrorçu fəaliyyətlərinə cavab olaraq qiymətləndirilməlidir”.