Xəbər verildiyi kimi, 22 avqust 2021-ci il tarixdə Qaradağ rayonu, Puta qəsəbəsi ərazisində 1994-cü il təvəllüdlü Əhəd Nuriyevin üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokurorluğun İstintaq idarəsində tamamlanıb.
Baş Prokurorluqdan AzerTimes-a verilən məlumata görə, həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə müəyyən edilmişdir ki, 18 avqust 2021-ci il tarixdə zərərçəkmişin tanışı 1985-ci il təvəllüdlü Mirşahid Mehdiyev, Əhəd Nuriyevə məxsus mobil telefonda olan videogörüntüsünün sonuncu tərəfindən silinməməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb.
Mirşahid Mehdiyev Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.