Qaradağda ekoloji fəlakətin qarşısı bilərəkdən alınmır

Qaradağda ekoloji fəlakətin qarşısı bilərəkdən alınmır

Şərqi Azərbaycan əyalətinin Qaradağ meşələrində avqustun 12-dən başlayan yanğın hələ də davam edir.

AzerTimes xəbər verir ki, ekofəallar və yerli əhali meşə yanğınlarının söndürülməsi üçün yetərli tədbirlər görülmədiyini, mediada bölgəyə cəlb olunduğu iddia edilən texnikanın əslində göndərilmədiyini bildirirlər.

Hakimiyyətin müxtəlif qurumlarının, o cümlədən Ətraf Mühitin Mühafizəsi İdarəsinin, Təbii Sərvətlər Nazirliyinin, Böhran İdarəetmə Mərkəzi və Yanğınsöndürmə Təşkilatının işdən çox bəyanatlar vermələri ekoloji fəlakətin səbəbləri barədə şübhələri gücləndirib.

6 gün ərzində 250 hektar meşə sahəsinin yanmasına baxmayaraq, hakimiyyətin ləng hərəkətini görən əhali yanğının genişlənməsinin qarşısını almaq, onu söndürmək üçün səfərbər olub.

Yanğın Süngün Mis Mədənini istismar edən şirkətin yeni qazıntılar aparmaq istədiyi ərazidə baş verir. Ona görə də ehtimal edilir ki, hökumətin ekoloji fəlakətin qarşısını almaqda maraqlı olmaması məqsədlidir.

Bir neçə ildir ki, Süngün Mis Mədəninin hazırda yanan meşə zolağında yeni mədən damarları aşkar edilib. Burada qazıntı işləri aparmaq istəyirlər. Ancaq bu istək yerli əhali, ekofəallar və bir sıra millət vəkillərinin etirazına səbəb olub. Onlar qorunan və bölgənin ağciyərləri adlandırılan meşə zolağının mədən istismarı üçün məhv edilməsinə qarşı çıxırlar.

İndi şirkətin marağında olan ərazilərdə meşə yanğınlarının günü-gündən genişlənməsi və qarşısının gec alınması hadisənin bilərəkdən törədildiyinə dair iddiaların əsaslı olduğunu təsdiq edir.

Adıçəkilən mədəni istismar edən şirkət meşələrin məhv edilmiş hissələrinin bərpası üçün Şərqi Azərbaycan əyalətinə 74 milyard tümən vəsait ödəməli idi. Ancaq hazırda şirkət bu öhdəliyi yerinə yetirməkdən imtina edir.

Bu, bir neçə dəfə azərbaycanlı millət vəkillərinin işə qarışmasına və parlamentdə məsələ qaldırmalarına səbəb olsa da, heç bir nəticə əldə olunmayıb.

Qaradağ meşələrinin 164 min hektar sahəsi var ki, bu sahədən 148 min hektarı qoruma altındadır.

Buna baxmayaraq, vaxtaşırı bölgədə ağacların tək-tək və ya kütləvi şəkildə kəsilməsi, eləcə də yanğınların baş verməsi nadir ağac, bitki və heyvan növləri ilə zəngin meşənin sahəsinin kiçilməsinə səbəb olur. 2019-cu ildə “Ərk” Azərbaycan İnsan Haqları Cəmiyyəti Qaradağ meşələrində baş verən yanğınla bağlı Birləşmiş Millətlər Təşkilatına hesabat təqdim edib. Hesabatda yanğınların səbəbləri, meşə sahələrinin yanaraq sıradan çıxması, yanğının vaxtında söndürülməməsi, bölgədə yanğını söndürmək üçün lazımi texnikanın olmaması və s. kimi məsələlərə toxunulub.

Teqlər: