Qaradağ zəlzələsinin ildönümüdür

Qaradağ zəlzələsinin ildönümüdür

Bu gün Şərqi Azərbaycan əyalətinin Qaradağ mahalının Vərziğan bölgəsində baş verən güclü zəlzələnin ildönümüdür.

AzerTimes xəbər verir ki, 2012-ci il avqustun 12-i yerli vaxtla saat 16:35-də Əhərin 17 kilometrliyində 6,4 bal gücündə, saat 17:04-də isə Vərziğanın 10 kilometrliyində 6,3 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanların təsiri Azərbaycan Respublikası, Ərdəbil və Zəncan əyalətlərində də hiss edilib.

Zəlzələ nəticəsində 450 kənddə dağıntılar meydana gəlib, 65 kəndin 60–80 faiz infrastrukturu məhv olub, 6 kənd Yer üzündən silinib.

Böhran İdarəetmə Mərkəzi zəlzələ nəticəsində həyatını itirənlərin sayının 253, Səhiyyə Nazirliyi isə 306 nəfər olduğunu elan edib.

Bununla yanaşı, dağıntılar altında qalan 5000 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 155 min nəfər isə hadisədən zərər görüb.

Yeraltı təkanlar nəticəsində 18 min 618 ev zədələnib, onlardan 5329-u tamamilə yararsız vəziyyətə düşüb.

Evləri dağılmış kəndlərin əhalisinə hökumət yetərli yardım etmədiyi üçün güneyli fəallar və xeyriyyəçilər könüllü qruplar halında zərər çəkən əhalinin vacib tələbatlarını təmin ediblər. Onlar bölgələrdə səyyar çörək sexləri, mətbəx, hamam və başqa bu kimi yerlər quraraq, kəndlilərə dəstək veriblər.

Zəlzələnin üstündən illər keçməsinə baxmayaraq, hökumət tərəfindən evləri bərpa edilmədiyi və yeni mənzillərin tikilmədiyinə görə yüzlərlə ailə hələ də konteynerlərdə yaşamağa məcburdurlar.

Zəlzələ qurbanlarına yardım edən ölkələr arasında ilk yeri Azərbaycan və Türkiyə respublikaları tutublar.

Dövlət yardımı ilə yanaşı Azərbaycan Respublikasının vətəndaşları, ictimai fəalları, partiya üzvləri və millət vəkilləri yardım kampaniyası başladıb, soydaşlarına yardım karvanları yola salıblar.

Teqlər: