21 aprel tarixində Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən
iftar süfrəsi verilmişdir.
İftar süfrəsində şəhid ailələrinin üzvləri, qazilər, millət
vəkilləri, rayonun idarə və müəssisə rəhbərləri, dindarlar və
ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Tədbirin əvvəlində ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid
olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı
Süleyman Mikayılov iftar süfrəsində iştirak edənləri salamlayaraq
qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edib.
Azərbaycanda açılan iftar süfrələrinin tolerantlıq nümunəsi
olduğunu vurğulayıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda öz
canından keçmiş şəhidlərin ailələrinə, o cümlədən müharibə
əlillərinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyini
bildirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas
istiqamətlərindən biri də məhz şəhid ailələrinin, müharibə
veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi,
onların problemlərinin vaxtında həllinə nail olunmasıdır.
Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların yaxınlarına
bir daha başsağlığı verib, səbr diləyib. Qeyd edib ki, 44 günlük
Vətən müharibəsi Azərbaycan xalqının şanlı zəfər tarixidir. Bu
tarix Azərbaycan əsgərinin qanı, canı bahasına əldə edilib.
Millət vəkili Aydın Hüseynov Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın
ərazi bütövlüyünün bərpa olunmasında və tarixi Zəfər qazanılmasında
şəhidlərimizin son dərəcə böyük xidməti olduğunu bildirmişdir. Qeyd
olundu ki, dövlət başçısının göstərişi əsasında şəhid ailələrinin
və qazilərimizin sosial məsələləri daim diqqətdə saxlanılır və
operativ surətdə həll edilir. Şəhidlərimizin əsl vətənpərvər,
qorxmaz, cəsur və yüksək nizam-intizamlı hərbçi olduqlarını
bildirən A.Hüseynov torpaqlarımızın ərazi bütövlüyü uğrunda
canlarından keçən oğulların əziz xatirəsinin qəlbimizdə daim
yaşayacağını vurğulayıb.
İftar mərasimində Lökbatan qəsəbə məscidinin imamı Hacı Faiq
Əhmədov Qurani-Kərimdən ayələr və Ramazan duası oxumuşdur. İmam
müqəddəs kitabımız olan «Qurani Kərim»in bizə nazil olduğu bu ayın
fəzilətindən danışmışdır.
İftar süfrəsi zamanı şəhid ailələri onlara göstərilən diqqət və
qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Müqəddəs Ramazan ayı boyunca rayonun digər qəsəbələrində də
iftar süfrələri açılacaqdır.