5 oktyabr – Beynəlxalq Müəllimlər günü münasibətilə videokonfrans keçirilib. Konfransda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, səlahiyyətli şəxslər, rayon təhsil müəssisələrinin rəhbərləri və müəllimlər iştirak edib.
Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov müəllimlik sənətinin tarixən cəmiyyətin ən şərəfli peşələrindən biri olduğunu xüsusi vurğulamışdır. Ulu öndər Heydər Əliyevin təhsilə və təhsil işçilərinə göstərdiyi diqqət və qayğıdan danışmış, dahi rəhbərimizin müdrik siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.
Qeyd olunmuşdur ki, bu il rayonun ümumtəhsil məktəblərini bitirmiş 21 şagirdimiz 600-dən yuxarı bal toplayaraq respublikamızın qabaqcıl ali məktəblərinə daxil olmuşlar. Beynəlxalq və respublika səviyyəli idman, incəsənət, elm və təhsil sahəsində müxtəlif yarışlarda uğurları olan məktəblilərin də adı qeyd olunmuşdur.
Yüksək diqqətə görə rayonun təhsil işçiləri adından dövlətimizin başçısına dərin minnətdarlığını bildirən S.Mikayılov məktəblərin infrastrukturunun yenilənməsi sahəsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan təhsilinin inkişafında, onun maddi-texniki bazasının möhkəmləndirilməsindəki xidmətlərini xüsusi qeyd etmişdir.
Təhsildə fərqlənən bir qrup qabaqcıl direktor və müəllimlər Qaradağ Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə mükafatlandırılmışdır.
Çıxış edən müəllimlər göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə təşəkkürlərini bildirmişlər.