230 meqavatt gücündə Qaradağ günəş elektrik stansiyası (GES)
ildə 500 milyon kilovatt/saat elektrik enerjisi istehsal
edəcək.
Trend-in məlumatına görə, bunu Energetika
Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin
direktoru Təbriz Əmmayev Qaradağda media-tur zamanı deyib.
Onun sözlərinə görə, bu elektrik stansiyasının tikintisi qaz
istehlakını 110 milyon kubmetr azaltmağa imkan verəcək.
“Bundan başqa, stansiya ildə tullantıların həcmini 200 min
tonadək azaltmağa imkan verəcək. İlkin mərhələdə Qaradağ Günəş
Elektrik Stansiyasının istismara verilməsi 700 iş yerinin
yaradılmasına xidmət edəcək. Stansiya yüksək texnologiyalar
əsasında inşa olunacağı üçün əlavə olaraq 30-a yaxın iş yeri də
açıla bilər”.
T.Əmmayev əlavə edib ki, bu stansiya ərazisində istehsal olunan
elektrik enerjisi Azərbaycanın ümumi enerji balansına daxil
ediləcək.
(Tərcümə: Orxan Nəbiyev)