Bir neçə gün əvvəl Ağdaş rayon Məhkəməsində maraqlı proses baş tutub.
AzerTimes Publika.az-a istinadən xəbər verir ki, rayon sakini 1991-ci il təvəllüdlü Eldəniz Yusifov Cinayət Məcəlləsinin 177, 183 və 234-cü (Oğurluq, qanunsuz mənzilə daxil olma, narkotik vasitələrin dövriyyəsi) maddələri ilə ittiham edilib.
Bildirilib ki, Eldəniz həmyerlisi olan şəxsin K. Kərimov küçəsindəki evinə gizli daxil olub. O, evdən XIX əsrdə Almaniyada “İmmerman” və “Şneyder” manifakturasında hazırlanmış, 30-luq adlandırılan xüsusi tarixi, bədii və muzey əhəmiyyəti kəsb edən 2 ədəd lampanı oğurlayıb. Həmçinin 3 000 min manat dəyərində içərisində 6 ədəd gümüş rumka olan gümüş sinini və 1 000 manat nağd pulu da götürüb.
Zərərçəkmiş şəxs qismində tanınan ev sahibi isə hadisə vaxtı evdə çoxsaylı əşyalar olmasına baxmayaraq, evin dağıdılmadığını, başqa əşyaların götürülmədiyini deyib. O, Eldənizin oğurluq etməsinə inanmadığını, hadisədən əvvəl antik əşyaları ondan 10 min manata almaq istəyən qaraçılardan şübhələndiyini bildirib:
“Həmin lampalar təxminən 50 ildir ki, evimizdədir. Onları satmaq üçün antik əşyalardan anlayışı olan şəxsə göstərmişdik. O, qiymətin təxminən 70 min manat olacağını demişdi. Lampaları anamla vaxtilə birlikdə işləmiş Aybəniz adlı qaraçı qadın da istəyirdi. Həmçinin lampaları Habil adlı qaraçı şəxs də almaq istəmişdi. Sonuncu dəfə Aybəniz anamla təxminən hadisədən 10 gün əvvəl əlaqə saxlayıb və lampaları nə vaxt görə biləcəyini soruşub. Anam da onların şəklini göstərib və lampaların Bakıda olduğunu, gətirəndə göstərəcəyini deyib. Lampaların evdə olmasını yalnız Aybəniz və Habil bilib, ona görə də oğurluqda qaraçılardan şübhələnirəm. Habil onlara görə bizə 10 min manat təklif etsə də, razı olmamışdım. Mən ona 60-70 min manat demişdim”.
Məhkəmədə digər sübutlar da dəyərləndirilib və oğurluqda ittiham edilən Eldənizə antik əşyaların və 1 000 manat pulun oğurlanması ittihamı üzrə bəraət verilib. O, Cinayət Məcəlləsinin 234.1-ci (Narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə təqsirli bilinərək 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Ayağına elektron qolbaq taxılan 33 yaşlı şəxs məhkəmə zalından azadlığa buraxılıb.