“Qarabağ”ın yeni stadionu çox böyük olacaq – Çəlikəl

“Qarabağ”ın yeni stadionu çox böyük olacaq – Çəlikəl

Layihə dövlət tərəfindən hazırlansa da, bizim fikirlərimiz də nəzərə alınıb.

AzerTimes xəbər verir ki, bunu Report-a açıqlamasında “Qarabağ”ın direktoru Əmrah Çəlikəl Ağdamda “İmarət” stadionunun tikilib istifadəyə veriləcəyi tarixlə bağlı danışarkən deyib.

Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda arenanın inşasına 2023-cü ildə başlanacağı və tikinti işlərinin 2026-cı ildə başa çatacağı bildirilib.

Çəlikəlin sözlərinə görə, tarixlə bağlı onlara hər hansı rəsmi məlumat verilməyib: “Amma bilirik ki, Ağdamda arena tikiləcək. Çox böyük və müasir stadion olacağından xəbərimiz var”.

Klub rəsmisi bildirib ki, layihələndirmə ilə bağlı onların da fikirləri soruşulub: “Texniki məsələlər – soyunub-geyinmə otaqları, digər otaqlar, UEFA-nın tələbləri – barədə işçi qrupumuzdan məsləhətlər alınıb. Yəni biz məsələnin içində idik. Bütün lazımi məlumatları vermişik”.

Direktor “köhlən atlar”ın Ağdamda məskunlaşması barədə danışmağın tez olduğunu söyləyib:

“Əsas odur ki, torpaqlarımız azad edildi, Ağdamımız qayıtdı və “İmarət” stadionumuz yenidən tikiləcək. İndi sevinəcəyimiz əsas məqam budur”.

Teqlər: