“Qarabağ”ın oyununun cümə günündən cümə axşamına çəkilməsi zamanı normal prosedur həyata keçirilib.
AzerTimes xəbər verir ki, bu barədə Report-a Peşəkar Futbol Liqasının yeni yaradılan Texniki İdman Departamentinin direktoru Elgiz Abbasov açıqlama verib.
O, “Qarabağ”ın Azərbaycan Premyer Liqasının V turunun “Kəpəz”lə Qəbələ şəhər stadionunda keçirəcəyi oyunun vaxtının sentyabrın 2-dən 1-nə keçirilməsinin səbəbini açıqlayıb:
“Avrokubokda çıxış edən klub oyun gününün dəyişdirilməsi ilə bağlı PFL-ə müraciət etmək iqtidarındadır. “Qarabağ” klubu Avropa Liqası oyununa yaxşı hazırlaşmaq məqsədilə oyun gününün dəyişdirilməsi ilə bağlı müraciət edib. Bu barədə “Kəpəz” klubuna da məlumat verdik. Nəzərə alaq ki, şərtlər hər iki komanda üçün eynidir, yəni hər ikisi avqustun 27-də son turun matçını keçirib. Bu səbəbdən, hər iki komandanın oyununu 1 sentyabra təyin etdik ki, “Qarabağ” sentyabrın 8-dəki avrokubok matçına daha yaxşı hazırlaşa bilsin”.
Qeyd edək ki, “Qarabağ” sentyabrın 8-də Almaniyada “Frayburq”un qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.