Qarabağın işğalı dövründə narkotikin becərilməsi ilə bağlı cinayət işləri açılıb.
AzerTimes xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) sözçüsü Elşad Hacıyev deyib.
O bildirib ki, Azərbaycan Ordusunun sentyabrın 19-da keçirdiyi antiterror tədbirlərindən sonra Qarabağın bütün ərazisində müvafiq yoxlama işləri həyata keçirilir:
“Ümumilikdə 30 hektar sahədə narkotik plantasiyası aşkarlanıb. Bir plantasiya Ağdamda, ikisi isə Xocalıda aşkarlanıb. İşlərimiz davam edir. Əsas məqsəd təhlükəsizliyi tam təmin etməkdir”.
E.Hacıyev söyləyib ki, terrorçular Qarabağın işğalı dövründə narkotik vasitələrin əkin-biçini ilə fəal məşğul olublar:
“Biz həmin dövrdə beynəlxalq ictimaiyyəti daim məlumatlandırırdıq. Ermənilər isə əməllərini danırdılar. Artıq onların bu əməlləri sübut olunub. Separatçılar narkotik maddələri daha çox yaşayış yerlərinə yaxın ərazilərdə əkib-becərirdilər. Çünki bu əməllərindən həm də gəlir mənbəyi kimi istifadə edirdilər. İstisna deyil ki, yerli əhali də bu işlərə cəlb olunub”.
DİN rəsmisinin sözlərinə görə, sözügedən əməllərlə bağlı cinayət işləri açılıb:
“Əraziyə mütəxəssislər cəlb olunub. İlkin hesablamalara görə, narkotik maddələrin istehsalına milyonlarla dollar sərf olunub”.
E.Hacıyevin sözlərinə görə, ərazi hələ də təhlükəlidir: “Ermənilər ərazini ciddi şəkildə minalayıblar. Xüsusi sürpriz minalara da rast gəlinir”.