Qarabağın azad olunması sonuncu aşırım idi – Feyziyev

Qarabağın azad olunması sonuncu aşırım idi – Feyziyev

1920 -ci ildə yenicə əldə etdiyimiz azadlığımızı və müstəqilliyimizi əlimizdən aldılar. Düz bir əsr azadlıq uğrunda mübarizə apardıq. Minlərlə can qurban verildi. Amma azadlığa qovuşmaq əvəzinə, yenidən torpaqlarımızın bir hissəsini itirdik. Amma işğala boyun əymədik.

Xalq toparlandı, xilaskarı hesab etdiyi Heydər Əliyevin ətrafında birləşdi və bütün səylərini torpaqların geri qaytarılması və azadlığımızın təmin olunması üçün səfərbər etdi. Yüz ilin yaratdığı problemlərin çözülməsi üçün Heydər Əliyev tərəfindən hazırlanmış yol xəritəsi bizi Prezident İlham Əliyevin rəhbərliyi altında tariximizin ən böyük qələbələrinə qovuşdurdu. Cəmi 20 il ərzində iqtisadi dirçəlişə nail olundu, dayanıqlı iqtisadi inkişaf və sosial ədalət təmin olundu, dövlət və ordu quruculuğu istiqamətində böyük işlər görüldü.

Torpaqlarımızın işğaldan azad edilməsi üçün xalq öz lideri ətrafında ətrafında bir yumruq kimi birləşdi və işğala qarşı vətən müharibəsinə qalxdı. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirdi. Ali Baş Komandanın döyüş əmrini icra etmək üçün Azərbaycan Ordusu və xalq Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşdi. Cəmi 44 gün ərzində düşmən üzərində qazanılan möhtəşəm zəfər ümumxalq həmrəyliyinin ən parlaq bəhrəsi kimi tariximizin səhifəsinə yazıldı. Bir əsr boyunca aparılan mübarizə böyük zəfərlə başa çatdı.

Bu Zəfəri qazananlar və bu Zəfər uğrunda canlarını və qanlarını qurban verənlərin əziz xatirəsi daim Azərbaycan xalqının qəlbində yaşayacaq.

2020-ci ilin 10 dekabr tarixində dünya ölkəmizin baş meydanında – Azadlıq meydanında bu zəfərin təntənəsini əks etdirən Zəfər Paradına şahidlik etdi. Zəfər Paradındakı çıxışında Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev dedi: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir.”

Bu böyük zəfər təkcə Azərbaycan və Azərbaycanlılar üçün yox, bütün türk dünyası üçün tarixi hadisə idi. Qarabağın azad olunması türk xalqlarının daimi arzusu olan milli birliyə qovuşmaq üçün sonuncu aşırım idi. Bu aşırımı bütün türk dünyasının siyasi, mənəvi dəstəyindən güc alan Azərbaycan Ordusu uğurla keçdi. Vətən müharibəsi başlayan andan sona qədər sinəsini dünyanın bütün güc mərkəzlərindən gələn təzyiq və təhdidlərə mətanətlə gərən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər Paradını qəbul edən Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyevlə çiyin-çiyinə dayanmışdı. Bu bütün türk dünyasına birlik, bərabərlik və qardaşlıq çağırışı idi. Azərbaycan və Türkiyə rəhbərlərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə və xüsusilə erməni havadarlarına verilən ciddi mesaj idi. Bütün dünya bir daha şahid oldu ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədi və sarsılmazdır.

Zəfər Paradında çıxış edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dedi: “Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır.”

Tariximizin ən şanlı səhifəsinin – Vətən müharibəsində parlaq Qələbənin təntənəsi olan Zəfər paradını ölkəmizin bütün bölgələrindən Bakıya gəlmiş on minlərlə vətəndaşımız izlədi, bütün dünya Azərbaycan xalqının haqlı mübarizədə qalibiyyətinin şahidi oldu.

3 il öncə izlədiyimiz o möhtəşəm Zəfər Paradı Azərbaycan xalqının qan yaddaşına yazılmış Vətən müharibəsinin yekunu idi. Məhz o gün – 10 dekabr 2020-ci il tarixi son iki əsrdə işğal altında qalan Azərbaycanın ilk böyük qələbəsini tərənnüm edən qürurlu bir hadisə kimi ölkəmizin tarixində yeni mərhələnin başlanğıcını qoydu. Azadlıq və tərəqqi mərhələsində tarixi Azərbaycan Zəfərinin lideri, Qarabağ fatehi İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının sıx həmrəyliyi əsasında yeni qələbələrə doğru yolumuz aydın və açıqdır. Bu yolda bütün xalqımızı daha böyük qələbələr gözləyir.

Teqlər: