“Qarabağın aslanı”: o, kimin sifarişi ilə öldürüldü?

“Qarabağın aslanı”: o, kimin sifarişi ilə öldürüldü?

“Qarabağın aslanı”, “Qartal qamətli qəhrəman”…

Bu, Azərbaycanın Milli Qəhrəmanı, minlərlə insanın həyatını xilas etmiş, öz könüllülərindən ibarət dəstəsi ilə ermənilərin qorxulu yuxusu, Ağdamın fəxri Allahverdi Bağırova qoyulan adlar idi.

Ağdamın yaşlı nəsli yaxşı bilir, rayonda bulvar deyilən ərazidə son dəbdə tikilmiş ikimərtəbəli restoranı Allahverdi Bağırov işlədirdi. Müharibə başlandı. Ağdamda hamının sevdiyi restoran əsgərlər üçün yeməxanaya çevrildi. Bəzən avtobusla əsgərlər gəlib burda yeyir, bəzən də bişirib səngərlərə hazır yemək aparırdılar. Bütün xərci isə özü çəkirdi.

Allahverdi Bağırov öncə ağdamlıların maddi dəstəyi və öz şəxsi vəsaiti ilə Qarabağın kəndlərində yaradılmış kiçik özünümüdafiə batalyonlarına yaxından köməklik göstərib. 1988-ci ildə Ağdamda ilk müdafiə dəstələrinin formalaşmasında böyük rolu olmuşdur. Həmin ildə dövlətin xəbəri olmadan Əsgəranla Ağdam arasında keşikçi postu yaradılanda ora könüllü olaraq ilk dəfə gedən onun qardaşı Eldar Bağırov oldu, sonra ermənilərlə həmsərhəd bütün kəndlərdə postlar yaradırdı.
1991-ci il 1 oktyabrda özünün və qardaşı Eldar Bağırovun komandirliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin Ağdamdakı hərbi hissəsi yaradıldı. Bu, həm də “Ağdam özünümüdafiə taboru” idi. 760 nəfərlik bu batalyon “Vətən oğulları” adlanırdı. Qardaşı Eldar öldürüldükdən sonra batalyona Allahverdi rəhbərlik edirdi.
Yadımdadır, onun yanına getmişdik. Yerində yox idi. Bir azdan çölə çıxdı, gözləri qıpqırmızı idi. Elə bildim ki, yuxusuzluqdandır. Sonradan öyrəndim ki, bir əsgəri, bir ağdamlı vurulanda, yaralananda girib otaqda ağlayardı ki, heç kim görməsin.
Bu gün bütün mənbələrdə 1003 nəfər qeyd olunur, amma o, 3 gün ərzində 1526 nəfər Xocalı əsir-girovunu Azərbaycana qaytarmışdı. Amma xilas etdiyi bütün əsgərlərin sayını hesablasaq, bunun sayı ikiqat-üçqat çox olar.
Təsəvvür edin, döyüş gedir, Allahverdi öndə əlində silah döyüşür, ermənilər onun gəldiyini eşidib kəndi, ərazini qoyub qaçırlar. İşğaldan azad edilən kəndə daxil olanda əsgərləri yığır başına və əmr verir: “Birdən kimsə kənddə əhalini qarət edər, doğma oğlum da olsa, güllələyəcəm. Biz oğurluğa getmirik, torpaq almağa gedirik”.
Bu, Allahverdi Bağırov idi. Pulda, malda gözü olmayan, düşmənin bir çöpünə əl uzatmayan, onların malına-mülkünə əl dəyməyən qəhrəman. Amma ermənilər onun nəfəs aldığı, sevdiyi Ağdamda hər şeyi, hətta ağacları, bulaqları, qəbirləri belə talan etdilər.
Xocalı soyqırımı zamanı əsir düşmüş Hüseynağa Quliyev və onun anasını geri qaytarmaq üçün ermənilər bəhanələr edirdilər. Guya belə adam onlarda yoxdur. Allahverdi üç nəfərlə Suriyadan olan erməni muzdulusunu əsir götürdü. Ona yüz dəfə zəng edib milyonlar təklif edirdi erməni tərəfi ki, əsir suriyalını qaytarsınlar. Allahverdi bir kəlmə demişdi: “Dediyim adamları verin, gəlin aparın erməninizi”.
Yarım saat keçməmişdi oğul və ananı qaytarmışdı ermənilər.
Xocalıları əsirlikdən xilas edilməsi üçün danışıqlar aparan zaman bir erməninin əlində qaşığı göstərib, “Biz türklərin əvvəl gözün bu qaşıqla çıxardıb, sonra öldürürük” dediyini eşidir. Erməni tərəfdən danışıq aparan Vitaliki kənara itələyib həmin erməniyə yaxınlaşan Allahverdi Bağırov onun üzünə baxıb bircə zərbə endirir. Erməni əlini silaha aparsa da, Vitalikin onun üzərinə qışqırmasından sonra ağzı-burnu qan içində həmin erməni geri çəkilir. Həmin danışıqlar zamanı Vitalikə bircə kəlmə deyir: “Qadın və qızları bu saat geri qaytarmasan, mənim nə edəcəyimi bilirsən”.
Xocalıdan olan əsir qadınların ayaqları donmaması üçün əsgərləri ilə birgə ayyaqabılarını çıxardıb özləri qarın içində ayaqyalın Ağdama gələn məhz Allahverdinin özü və dəstəsi idi.
Xocalı soyqırımının əzab-əziyyətlərini Allahverdi Bağırovdan çox çəkən, bu faciənin müsibətlərini ondan çox görən olmamışdı. Əminliklə deyə bilərəm ki, Allahverdi Bağırov olmasaydı, Xocalı soyqırımı zamanı həlak olan insanların sayı qat-qat çox olardı.
Xəlil Rza Ulutürkün oğlu Təbriz Xəlilbəylini də Allahverdi Bağırov gedib ala bilmişdi ermənilərdən, mərhum Xoranmurdda vurulanda qalmışdı erməni tərəfdə. Meyiti götürə bilməmişdilər.
Xocalı soyqrımı zamanı ermənilərin qaytarmaq istəmədiyi Əlif Hacıyevin də meyitini Allahverdi Bağırov nələr bahasına gətirmişdi… Bir meyit üçün ondan çox diri erməni verdi ki, elə qəhramanın meyitin benzin töküb yandırmasın ermənilər.

“Ermənilər ancaq mənim meyitimin üstündən keçib Ağdama girə bilərlər. Kim hara gedir getsin, mən Ağdamda qalacağam!” – demişdi. Doğrudan da Allahverdi Bağırov yaşadığı müddətcə ermənilər Ağdamı işğal edə bilmədilər.

1992-ci il iyun ayının 12-də Aranzəmin, Naxçıvanik, Dəhraz, Mirkənd, Pircamal kəndləri düşməndən azad edildi. Allahverdi inanırdı ki, öz batalyonu ilə Xankəndiyə qədər irəliləyəcək. 1992-ci ilin 14 iyununda təcili iş üçün geri, Ağdama çağırılan Allahverdi Bağırovun olduğu maşın Naxçıvanikdən geri qayıdarkən minaya düşdü.
Getdiyi yolla geri qayıdan bir şəxs necə minaya düşə bilərdi? Axı iki saat öncə bu yoldan sağ-salamat gedən Allahverdi niyə minaya düşdü? Onu yaralı vəziyyətdə qayınatası evinə aparanda hər kəs görüb ki, onun elə böyük yarası da yox idi. Partlayış nəticəsində maşın üstünə aşmışdı. Maşını qaldırmağa çalışıb. Üzündə, qaşında qəlpə yaraları var idi. Sağala bilərdi… Bəs niyə öldü?

Kimə lazım idi elə KİŞİ-nin qətlinə fərman versin? Onsuz da bu qətlin fərmanın verənlər bir gün cavab verəcəklər. Özləri ölsələr də, qəbirlərini yandırıb qisasımızı alacıq. Allahverdiyə qıyan namərdin nə bu dünyada, nə da o dünyada rahatlığı olmayacaq!

Bu günə qədər Azərbaycanda Milli Qəhraman Allahverdi Bağırov adına küçə niyə yoxdur? Prospekt yoxdur? Bunu etmək çoxmu çətindir? Qətli sifariş edənlər hələ sağdılar, ona görəmi?

Ruhun şad olsun qohum, komandir, fəxrim, idealım…

Teqlər: