Rəsmi Bakının Qarabağda erməni təxribatına həm hərbi (MN), həm siyasi (XİN) müstəvidə verdiyi münasibətdə iki mesaj öz əksini tapır:
Birincisi, Laçın dəhlizinə nəzarət-keçid məntəqəsinin qurulmasıdır;
İkincisi, qanunsuz erməni silahlı dəstələrinin Azərbaycan ərazisindən çıxarılmasıdır (10 noyabr bəyanatının 4-cü bəndi).
Lavrov Bakıda olarkən nəzarət-keçid məntəqəsinin qurulmasına imkan verməyəcəklərinə işarə vurdu. Rusiya bu məsələdə 10 noyabr bəyanatını əsas götürür, lakin eyni bəyanatda erməni silahlı dəstələrinin çıxarılması öhdəliyinə də əməl etmir. Belə görünür ki, 10 noyabr razılaşması yalnız bizim üçün keçərlidir.
Verilən hər iki mesajın reallaşması da yalnız praktiki addımlarla mümkündür. Laçın yolundakı aksiyanı bununla bağlı presedent kimi qəbul edə bilərik: aksiya başlayanda bütün tərəflər Bakıya təzyiq etməyə çalışsa da, nəticə əldə edə bilmədi, çünki hər şey Azərbaycanın suveren ərazisində baş verirdi.
Laçın dəhlizinə nəzarət-keçid məntəqəsinin qurulmasında da analoji addımdan istifadə etmək mümkündür: hərbçilərin müdafiəsi altında gömrükçülər keçid məntəqəsi qurandan sonra bəyanatlar, çağırışlar olsa da, hər kəs hesablaşmağa məcbur olacaq; Qarabağın silahsızlaşdırılması da yalnız məcburetmə əməliyyatı ilə mümkün görünür.