Qarabağın tam şəkildə Azərbaycanın nəzarətinə keçməsi, burada yaradılmış separatçı qondarma rejimin özünü buraxması münaqişə ilə bağlı müxtəlif variantları gündəmə gətirir.
AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, son 30 ildə əsasən “paket həll” və “mərhələli həll” variantları müzakirə olunsa da, bunlardan fərqli təkliflər də olub.
Münaqişə ilə bağlı müzakirələr zaman-zaman müxtəlif maraqlı təkliflərin ortaya çıxmasına zəmin yaradıb. Bunlardan biri də SSRİ lideri Nikita Xruşşovun yarızarafat-yarıciddi irəli sürdüyü variantdır.
Bu barədə araşdırmaçı-tarixçi Tural Həmid yazıb. O qeyd edib ki, Qarabağ münaqişəsinin N.Xruşşovun təklifi ilə həll ediləcəyi heç kimin ağlına gəlməzdi:
“Krımın 1954-cü ildə Rusiyadan alınıb Ukraynaya birləşdirilməsindən sonra Ermənistan SSR-in ziyalıları SSRİ KP MK-nın 1-ci katibi Nikita Xruşşova analoji addımın DQMV barədə də atılması üçün məktublar göndərirlər.
Bu məsələ Mikoyan və Xruşşov əsasında müzakirə edilir və Xruşşovun məşhur ifadəsi ilə yadda qalır : “Dağlıq Qarabağ erməniləri əgər Ermənistanla birləşmək istəyirsə mən bir gün ərzində DQMV ermənilərinin Ermənistana köçürülməsi üçün 12 min hərbi yük maşını verməyə hazıram. Maşınlara minsinlər və gedib Ermənistanla birləşsinlər”.
Qeyd edək ki, rəsmi Bakı Qarabağdakı ermənilərə Azərbaycan cəmiyyətinə reinteqrasiya təklif etsə də, onların böyük qismi Xruşşovun dediyi kimi, avtobuslara, yük maşınlarına minərək Ermənistana köçüb.